CƏMİYYƏT


“Bakı Gənclər Debat Forumu: Payız 2016” yekunlaşıb

Bakı, 14 dekabr, AZƏRTAC

Paytaxtdakı 15 ali təhsil müəssisəsindən olan gənclərin iştirakı ilə reallaşan “Bakı Gənclər Debat Forumu: Payız 2016”nın final mərhələsi və bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə tələbələrin sahibkarlıq sahəsində məlumatlılığının artırılması məqsədilə sahibkarlığın inkişafında proteksionizm siyasətinin rolu mövzusunda təşkil olunub.

Bakı Dövlət Universitetində keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Fuad Babayevin, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayevin və digər şəxslərin çıxışlarından sonra Azərbaycan və rus bölmələri üzrə finala vəsiqə qazanan komandaların adları açıqlanıb.

Azərbaycan bölməsi üzrə final mərhələsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən “Jokers”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin “İllüminati” komandaları debat aparıblar. Hakimlərin qərarına əsasən, “Jokers” komandası forumun qalibi müəyyən olunub.

Rus bölməsi üzrə yarışın finalında Bakı Dövlət Universitetinin “Anqeli Dyavola” komandası “Triada”dan üstün olub.

Tədbirdə, həmçinin forumun ən yaxşı natiqlərinin adları da açıqlanıb. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.

“Bakı Gənclər Debat Forumu: Payız 2016” Gənclər və İdman Nazirliyinin və DVC-nin tərəfdaşlığı ilə keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2016” çərçivəsində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.