İQTİSADİYYAT


Bakı Nəqliyyat Agentliyi istehsalat bazalarında sürücülərlə görüşlərə başlayıb

Bakı, 24 iyun, Elvin Camalov, AZƏRTAC

Bakı Nəqliyyat Agentliyi istehsalat bazalarında sürücülərlə görüşlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, Bakı Nəqliyyat Agentliyi müntəzəm marşrut avtobuslarından istifadə edən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi istiqamətində kompleks tədbirlərini davam etdirir. Bu çərçivədə istehsalat bazalarında sürücülərlə görüşlərə başlanılıb. İlk belə görüş “Monella” MMC və “Xaliq Faiqoğlu” MMC-nin istehsalat bazalarında keçirilib. Məqsəd həyata keçirilən kompleks tədbirlər çərçivəsində ictimai nəqliyyatda çalışan sürücülər üçün müəyyən edilən tələblərin yerinə yetirilməsinə nəzarət etmək və onların maarifləndirilməsidir. Görüşdə ictimai nəqliyyatda mövcud nöqsanlar və həll yolları, sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması məsələləri müzakirə olunub.

M.Ağayevin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyinin baş direktorunun müşaviri Mübariz Abbasov yay mövsümünün gəlişi ilə əlaqədar bəzi sürücülərin avtobusları qapısı açıq şəkildə idarə etdiklərini və bu cür halların qarşısını almaq məqsədilə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində monitorinq işlərinin aparıldığını qeyd edib. Bildirib ki, bu cür hallara yol verən sürücülərə qarşı ciddi inzibati tədbirlər görülməklə yanaşı, onlar sərnişindaşımalarından da kənarlaşdırılacaq.

“Həmçinin vurğulanıb ki, sürücülər avtomobil nəqliyyatı ilə sərnişindaşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalı, reysqabağı tibbi müayinədən keçməli, idarə edəcəyi nəqliyyat vasitəsinin reysqabağı texniki yoxlamadan keçdiyinə əmin olmalı və zəruri sənədləri əldə etdikdən sonra reysə çıxmalıdır. Sürücülər avtobusu marşrut sxemi üzrə bütün dayanacaq məntəqələrində saxlamalıdır. Sürücülərə sərnişinlərlə nəzakətli rəftar etmək, sərnişinlərin təhlükəsizliyini təmin etməklə yaranmış problemi aradan qaldırmaq üçün mümkün tədbirləri görmələri də tapşırılıb. Görüşdə sürücülərin şikayət və təklifləri də dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb”, - deyə M.Ağayev vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.