İDMAN


Bakı Olimpiya Stadionu bir neçə dəqiqədən sonra dünya idmanının diqqət mərkəzinə çevriləcək

Bakı, 12 may, Səxavət Quliyev, AZƏRTAC

Bir neçə dəqiqədən sonra idman dünyasının diqqəti Odlar Yurdu Azərbaycanın paytaxtı Bakıya yönələcək. IV İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış mərasimi məhz Bakı Olimpiya Stadionunda keçiriləcək. Əlli dörd ölkədən üç mindən çox idmançını ağuşuna alacaq 68 minlik tamaşaçı tutumuna malik bu möhtəşəm arenada atletlərlə yanaşı, tamaşaçılar da IV İslam Həmrəyliyi Oyunlarının həyəcanının bir hissəsinə çevriləcəklər.

Bakı Olimpiya Stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Stadionun təməlinin qoyulması mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, FIFA-nın və UEFA-nın ovaxtkı prezidentləri iştirak ediblər. Bu möhtəşəm idman qurğusu 2015-ci il martın 18-də istifadəyə verilib.

“Bakı-2015” birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimləri Bakı Olimpiya Stadionunda təşkil olunub.

Müasir arxitektura üslubu, əzəməti ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion 6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olacaq arenada VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya normativlərinə əsasən, 3100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.