İQTİSADİYYAT
Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsi təmir olunur VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
“Azəravtoyol” ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işlərinə başlanılıb.
“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təmir-bərpa işləri yalnız Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər aparılacaq. İlkin olaraq təmirə sözügedən yolun 1 kilometrlik hissəsində başlanılıb.
Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq.
İşlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 santimetr qalınlığında monolit-beton töküləcək.
Bütün işlər “Azəravtoyol” ASC-nin rəhbərliyinin, Fövqəladə Hallar Nazirliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əməkdaşlarının xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Qeyd olunub ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində ) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin edilib.