CƏMİYYƏT


Bakıda 23-cü dünya tibbi hüquq konqresi keçiriləcək

Bakı, 29 iyun, AZƏRTAC

Dünya Tibbi Hüquq Assosiasiyası (DTHA) iyulun 10-13-də Bakıda 23-cü dünya tibbi hüquq konqresi (DTHK) təşkil edəcək.

Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, DTHA 1967-ci ildə Belçikada tibbi hüquq sahəsində multikultural və fənnlərarası problemlərin tədqiqatı məqsədilə hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən yaradılıb. Qurum UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalar ilə əməkdaşlıq edir.

DTHA-nın qərargahı ABŞ-nın Kaliforniya ştatının Los-Anceles şəhərində yerləşir. DTHA təsisçilərindən biri və hazırkı prezidenti professor Tomas Noquçi konqresin, Assosiasiyanın icra komitəsinin və idarə heyətinin iclaslarının keçirilməsi üçün gələn ay Bakıya gələcək. Professor T.Noquçi dünyanın ən tanınmış məhkəmə-tibbi ekspertlərindən biri hesab olunur. İyirmi ildən çoxdur ki, Kaliforniyanın və Hollivudun baş məhkəmə-tibbi eksperti olduğu üçün senator Robert Kennedi, Hollivud ulduzları Merilin Monro, Vilyam Holden, Con Beluşi, Natali Vud, Gia Skala kimi məşhurların qətl və ya müəmmalı ölüm işlərinin tədqiqatçısı olub. Məhkəmə təbabəti elminə verdiyi xidmətlərə görə ABŞ hökuməti və Yaponiya imperatoru tərəfindən dəfələrlə təltif olunub.

İyulda Bakıda DTHA-nın yeni yarıməsrlik tarixini başlamaq üçün tibbi hüquq, bioetika, məhkəmə təbabəti və məhkəmə ekspertizası üzrə dünyanın aparıcı mütəxəssisləri öz bilik və təcrübələrini bölüşmək məqsədilə ölkəmizə gələcək. Açılış mərasimində əsas məruzəçi ABŞ-nın Konnektikut ştatının elmi mərkəzinin fəxri rəhbəri, dünyanın ən tanınmış ekspertlərindən biri, Ağ Evdə baş verən məşhur hadisələrin tədqiqatçısı, 1979-2000-ci illərdə Konnektikut ştatının baş kriminalisti, ABŞ və Çində Henri Li Məhkəmə Ekspertizalar institutlarının təsisçisi, kriminalistik televiziya verilişlərinin müəllif və aparıcısı professor Henri Li olacaq.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin akademikləri, professorları, digər ölkələrin aparıcı universitetlərinin professor-müəllim heyəti 130-dan çox şifahi məruzə və 100-ə yaxın poster təqdimatlarını edəcəklər. Konqresin elmi proqramına 275 tezis daxil olunub və iştirak üçün dünyanın 50 ölkəsindən 320-dən çox qonağın qatılması təsdiq olunub. 10-50 nəfərlik ən böyük nümayəndə heyətləri Rusiya Federasiyası, Azərbaycan, Çin, ABŞ, Türkiyə, Belçika, Səudiyyə Ərəbistanı, İsrail, Qazaxıstan və Nigeriyanı təmsil edirlər. Məruzələrin tezisləri beynəlxalq “Tibb və hüquq” elmi jurnalında nəşr olunacaq.

Bakı konqresi Assosiasiyanın 50 illik qızıl yubiley konqresi olduğu üçün DTHA üçün tarixi əhəmiyyət kəsb edir. Yarıməsrlik tarixində bu təşkilat postsovet məkanda, Şərq ilə Qərbin, Cənub ilə Şimalın birləşdiyi Avrasiyanın mərkəzində konqresini ilk dəfədir keçirir. Buna səbəb Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada artan müsbət imici, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Bakıda keçirilən irimiqyaslı beynəlxalq tədbirlərin əks sədasıdır. İlk dəfə olaraq, MDB, türkdilli ölkələr, Yaxın Şərq, Mərkəzi Asiya, ərəb dünyası DTHK-da belə geniş tərkibdə təmsil olunur. Bu da Azərbaycanın sivilizasiyalar və dinlərarası dialoqda mühüm rolunu bir daha təsdiq edir.

23-cü DTHK ölkəmiz üçün də əhəmiyyət daşıyır. Bu, ayrıca elm sahəsi üzrə Bakıda dünya konqresi səviyyəsində keçirilən ilk beynəlxalq elmi tədbirdir. İlk dəfə alim və mütəxəssislər ixtisasları üzrə dünya konqresinin keçirilməsi üçün Bakını seçirlər. DTHA üzvlərinin yubiley konqresin keçirilməsi üçün məhz Bakını seçmələri və ölkəmizdə assosiasiyanın 50 illiyini qeyd etmələri çox əlamətdar bir haldır və ölkəmizin əcnəbilər üçün cəlbedici olduğunu göstərir. Konqresin əsas təşkilati tərəfdaşı “PAŞA Travel” şirkətidir, “Türk Hava Yolları” tədbirin rəsmi daşıyıcısıdır.

DTHK-lar əvvəllər üç ildən bir, sonradan iki ildən bir, son vaxtlar isə hər il keçirilir. Konqreslərin keçirilməsi vasitəsilə tibbi hüquq, məhkəmə təbabəti və bioetika sahələrində aktual problemlərin həllini müzakirə etmək və onların öyrənilməsini təşviq etmək, tibdə və səhiyyədə baş vermiş dəyişikliklərin və hadisələrin qanunverici və etik nəticələrinin öyrənilməsinə zəmin yaratmaq, tibbi hüquq və məhkəmə təbabəti ilə bağlı olan digər məsələlərin həll istiqamətlərini müəyyənləşdirmək mümkün olur. DTHA-nın konqresləri əvvəllər müxtəlif ölkələrdə keçirilib.

Konqresin əsas mövzusu “Tibbi hüquq, bioetika və multikulturalizm”dir. Bu mövzu Azərbaycanın dünyada multikulturalizm və sivilizasiyalararası dialoq sahəsində əsas mərkəzlərindən biri olduğunu göstərir və Azərbaycan Prezidentinin rəhbərliyi ilə aparılan dövlət siyasətinə uyğundur. Əsas mövzunun dörd alt-mövzusu vardır: Tibbi hüquq və bioetika sahəsində təhsil, bioetika, din və multikulturalizm, ətraf mühit və tibbi hüququ, XXI əsrdə tibbi hüququn və məhkəmə təbabətinin perspektivləri.

Tədbir haqqında əlavə məlumatı DTHA-nın rəsmi veb-saytında və konqresin tvitter səhifəsindən əldə etmək olar: wafml.memberlodge.org və https://twitter.com/23WCMLBaku .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.