SİYASƏT
Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyi münasibətilə Gənc İqtisadçılar Forumu keçirilib
AZƏRTAC xəbər verir ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illiyi münasibətilə keçirilən forumda YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək bu günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və bu müqavilənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verdiyini bildirib.
Qeyd edilib ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin qətiyyəti, dünyadakı nüfuzu sayəsində Azərbaycan tarixində belə möhtəşəm hadisə baş verdi. Ölkəmizin güclü iqtisadiyyatının təməli məhz bu layihə ilə qoyuldu. Həmin vaxt ölkə vətəndaş müharibəsi təhlükəsindən, xaos və anarxiya mühitindən yenicə xilas olmuşdu, atəşkəsin əldə edilməsindən cəmi bir neçə ay keçmişdi. Belə bir vaxtda güclü iqtisadiyyata malik bir sıra dövlətlər “Əsrin müqaviləsi”nə qoşuldular. Bu da Ulu Öndərə olan inamın nəticəsi idi.
S.Orucovun sözlərinə görə, bu müqavilənin imzalanmasından sonra ölkə iqtisadiyyatı stabilləşdi, bir sıra islahatlar aparıldı, neft-qaz sektorunda nəzərəçarpacaq inkişaf müşahidə olundu. Təbii sərvətlər xalqın istifadəsinə verildi, ölkənin çiçəklənməsi, rifahı üçün sərf edildi. Bütün bunlar dahi rəhbər Heydər Əliyevin qətiyyəti və yürütdüyü uzaqgörən siyasət nəticəsində mümkün oldu.
Gənclər Birliyinin sədri vurğulayıb ki, artıq dünya bazarında Azərbaycan brendi özünü təsdiqləyib. Azərbaycanın çox güclü neft infrastrukturu vardır. Artıq Azərbaycanın neft brendinə çevrilmiş “SOCAR” dünya bazarında tanınır. Azərbaycan nefti dünyada aparıcı sektorlardan birinə çevrilib. Bununla yanaşı, ölkəmizin qeyri-neft sektorunda da mühüm addımlar atılıb. Bunun nəticəsində neft kapitalını insan kapitalına çevirmək mümkün olub. Hər bir xalqın, dövlətin gücü onun iqtisadiyyatının səviyyəsi ilə ölçülür. Azərbaycan iqtisadiyyatını gücləndirən layihələrdən biri də “Əsrin müqaviləsi”dir.
Seymur Orucov bildirib ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqaməti Azərbaycanın dünyanın güclü dövlətləri sırasında mövqeyinin daha da möhkəmlənməsinə yönəlib. Azərbaycan xalqı da bu uğurlara biganə qalmayaraq ölkə başçısının yürütdüyü siyasəti yekdilliklə dəstəkləyir.
Daha sonra söz gənc iqtisadiyyatçılara verilib. Marketinq üzrə ekspert Ramil Cabbarov və tibb sektoru üzrə marketinq mütəxəssisi Murad Məlikov milli iqtisadi bazarda marketinqin, liderlik və idarəçilik mexanizmlərinin iqtisadi proseslərdə rolundan danışıblar.
Pərakəndə və xidmət sahələri üzrə ekspert və marketinq mütəxəssisi Tural Abdullayev forumu “Gənc iqtisadiyyat və pərakəndə satış” mövzusu ilə davam etdirib.
Sonda iqtisadçılar forum iştirakçılarının suallarını cavablandırıblar.