Bakıda Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu keçirilir
Bakı, 5 dekabr, AZƏRTAC
“Sağlam Düşüncə” Gənclər Təşkilatının həyata keçirdiyi layihə çərçivəsində Bakıda “Şərq tərəfdaşlığı və Vişeqrad dördlüyü: imkanlar və perspektivlər” mövzusunda ikinci Beynəlxalq Gənclər Əməkdaşlıq Forumu işə başlayıb.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan Forum “Şərq tərəfdaşlığı” və “Vişeqrad dördlüyü” ölkələrinin gənclər təşkilatları arasında əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi daşıyır.
Şərqi Avropa ölkələrinin nümayəndələrinin, Azərbaycan rəsmilərinin çıxışlar etdiyi tədbir üç gün davam edəcək.
Forumun açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Macarıstanın Azərbaycandakı səfiri Viktor Szederkenyi, Beynəlxalq Vişeqrad Fondunun nümayəndəsi İrena Krasniçka, “Şərq tərəfdaşlığı” (Azərbaycan, Gürcüstan, Belarusa, Moldova, Ukrayna) və “Vişeqrad dördlüyü” (Polşa, Çexiya, Slovakiya, Macarıstan) ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər. Onlar forumun ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayıblar və 2014-cü ildə keçirilən ilk forumun uğurlu nəticələrini diqqətə çatdırıblar. Bundan başqa, beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub, maliyyə imkanları və proqramlar haqqında gənclərə və gənclər təşkilatlarının nümayəndələrinə təqdimatlar nümayiş etdirilib.
Forum çərçivəsində gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri digər iştirakçılar üçün bir sıra qrup işləri keçirəcək, region gənclərinin faydalanacağı layihələrin hazırlanması üzərində iş aparacaqlar.
Qeyd edək ki, “Şərq tərəfdaşlığı” ölkələrinin layihələrini maliyyələşdirmək təklifi ilə çıxış edən Beynəlxalq Vişeqrad Fondu Forum çərçivəsində Bakıya ikinci dəfə dəvət edilib.