CƏMİYYƏT


Bakıda Formula-1 yarışı zamanı marşal kimi iştirak edən FHN əməkdaşları təltif olunub

Bakı, 15 dekabr, AZƏRTAC

Dekabrın 15-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində Formula-1 Azərbaycan Qran-prisinin təşkilatçısı olan “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və FHN tərəfindən tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüş bu ilin iyununda Bakıda keçirilən Formula-1 Avropa Qran-prisinin təşkilində FHN tərəfindən iştirak etmiş marşallara təşəkkür sertifikatlarının və lisenziyaların verilməsi məqsədilə təşkil olunub.

Tədbirdə Formula-1 Avropa Qran-prisi zamanı FHN əməkdaşlarının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

BŞH-nin FHN tərəfindən əlaqələndiricisi Cavanşir Həşimov çıxış edərək Formula-1 yarışına hazırlıq prosesində nazirliyin əməkdaşlarının nəzəri və praktiki təlimlərdə yüksək biliklərə yiyələndiklərini bildirib. O, bunun nəticəsində yarış zamanı yanğınsöndürmə və xilasetmə marşalları kimi üzərlərinə düşən işi dəqiq və məsuliyyətlə yerinə yetirdiklərini qeyd edib.

Əməliyyat Şirkətinin idman şöbəsinin rəisi Urfan Tağızadə FHN-in yaradılmasının 11 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, məsuliyyətli və şərəfli işlərində onlara uğurlar arzulayıb. FHN əməkdaşlarının Formula-1 Avropa Qran-prisində marşal kimi fəaliyyətini yüksək qiymətləndirən U.Tağızadə onların üzərinə düşən vəzifələrin öhdəsindən peşəkarlıqla gəldiklərini vurğulayıb. BŞH təmsilçisi təmsil etdiyi qurumun adından FHN-in əməkdaşlarına təşəkkürünü bildirib.

Digər çıxış edənlər gələn il keçiriləcək Formula-1 Azərbaycan Qran-prisi zamanı da uğurla fəaliyyət göstərəcəklərini diqqətə çatdırıblar.

Sonda Formula-1 Avropa Qran-prisinin təşkilində marşal qismində iştirak etmış FHN əməkdaşlarına “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşəkkür sertifikatları və Azərbaycan Avtomobil Federasiyasının lisenziyaları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.