CƏMİYYƏT
Bakıda İƏT Gənclər Nazirləri Konfransı Daimi Şurasının iclası keçirilib
Bakı, 12 may, AZƏRTAC
Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Nazirləri Konfransının Daimi Şurasının birinci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, İƏT-ə üzv ölkələrin gənclər və idman nazirlərinin 2016-cı ildə İstanbulda keçirilən 3-cü sessiyasında qəbul edilmiş qərara əsasən, 2018-ci ildə növbəti sessiyaya Azərbaycan ev sahibliyi edəcək.
Toplantıda Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç və İƏT baş katibliyinin nümayəndəsi Maha Akil iştirak ediblər.
İclasda İƏT gənclər və idman nazirlərinin 3-cü sessiyasında qəbul edilmiş qərarların icrası qrafiki, gələn il Bakıda keçiriləcək sessiyaya hazırlıq işləri, İslam Həmrəyliyi Oyunları və s. məsələlər müzakirə olunub. Bakıda keçirilən “İƏT Modeli Gənclər Zirvəsi”ndə İƏT ölkələri ortaq Gənclər Gününün təsis edilməsi ilə bağlı irəli sürülən layihə də müzakirə edilib. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə 2006-cı il sentyabrın 3-də İstanbulda keçirilmiş İƏT Gənclər Forumunun təsis gününün İƏT Gənclər Günü olaraq elan edilməsi təklifi dəstəklənib. Sentyabrın 3-ü İslam ölkələrinin ortaq Gənclər Günü olaraq təsis edilib.
Qərara alınıb ki, yeni təsis edilən İƏT Gənclər Gününün 2017-ci ildə İƏT məkanındakı tədbirlər planı Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqda təşəbbüsünə beynəlxalq ictimai dəstək olaraq “Fəaliyyətdə İslam Həmrəyliyi” şüarı altında keçirilsin. 2018-ci ilin Gənclər Gününə qədər bu çərçivədə keçiriləcək bütün tədbirlərin “Fəaliyyətdə İslam Həmrəyliyi” şüarı ilə keçirilməsi qərara alınıb.