CƏMİYYƏT
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası keçirilib VİDEO
Bakı, 22 noyabr, S.Quliyev, H.Mahmudova, AZƏRTAC
Noyabrın 22-də Bakıda MDB-nin Gənclərlə İş üzrə Şurasının iclası keçirilib. İclasda Şuranın gündəliyinə daxil edilən 14 məsələ müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, “MDB-yə üzv dövlətlərin gənclərlə iş sahəsində əməkdaşlığına dair” 2005-ci il oktyabrın 25-də imzalanmış sazişin icrası məqsədilə yaradılan Şura üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən (hər ölkədən iki nəfər) ibarətdir.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək Azərbaycanda gənclərə göstərilən dövlət qayğısından danışıb. Nazir ölkəmizdə gənclərin asudə vaxtının səmərəli təşkili üçün lazımi şəraitin yaradıldığını diqqətə çatdırıb. Gənclər və İdman Nazirliyinin fəaliyyəti barədə qonaqlara məlumat verən Azad Rəhimov deyib: “Nazirlik dünyanın 60 ölkəsi ilə ikitərəfli əməkdaşlıq əlaqələrinə malikdir. Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları irimiqyaslı beynəlxalq təşkilatların üzvüdür. Ölkə gənclərinin layihə və ideyalarının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 25 il ərzində ölkə gəncləri həmişə diqqət mərkəzində olublar”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ölkəmizdə gənclər sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən danışıb.
Sonra təşkilati məsələlərə baxılıb, Qazaxıstanın dinlərlə iş və vətəndaş cəmiyyəti üzrə vitse-naziri Abzal Nukenov iclasın sədri seçilib.
Qazaxıstan ilə MDB arasında gənclər sahəsində sıx əməkdaşlıqdan danışan A.Nukenov ölkəsində həyata keçirilən mədəni və sosial layihələr barədə qonaqları məlumatlandırıb.
MDB-yə üzv dövlətlərin nümayəndələri öz ölkələrində reallaşdırılan tədbirlər haqqında məlumat veriblər.
MDB İcraiyyə Komitəsinin şöbə müdiri Tatyana Kovalyeva Azərbaycanda gənclər sahəsində qazanılan uğurları yüksək qiymətləndirib və ölkəmizin bu sahədəki modelinin digər dövlətlərə nümunə olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Şuranın iclasları ildə iki dəfədən az olmamaq şərti ilə keçirilir. Şuranın 2016-cı ilin aprelində Minskdə keçirilmiş iclasında növbəti toplantının Bakıda təşkil olunması qərara alınıb. MDB-nin yaradılmasının 25 illiyinə həsr olunan iclasda iştirak etmək üçün Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya və Tacikistanın Şuraya üzv olan nümayəndələri və bu tədbirdə çıxışı nəzərdə tutulan məruzəçilər Bakıya gəliblər.