CƏMİYYƏT
Bakıda “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” adlı beynəlxalq seminar keçirilib
Bakıda Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) birgə təşkilatçılığı ilə “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” adlı beynəlxalq seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, oktyabrın 23-də seminarın bağlanışı günü “E-xidmətlər üzrə əlçatanlıq və miqyasın təkmilləşdirilməsi”, “E-təhlükəsizliyə koordinasiyalı yanaşma” və digər mövzular ətrafında məruzələr dinlənilib, müzakirələr aparılıb.
BSTA-nın nümayəndəsi Raul Ruqia-Frikin moderatorluğu ilə keçirilən sessiyada spiker Beynəlxalq Əmək Təşkilatının (BƏT) əməkdaşı Fabio Duran-Valverde sosial sığorta sahəsində elektron hesabat sistemi üzrə öz ölkəsinin təcrübəsi mövzusunda geniş təqdimatını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında elektron şəhadətnamələrin idarə edilməsi məsələlərindən bəhs edən spiker mövzu ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verərək, maraq doğuran suallara aydınlıq gətirib.
Tədbirdə Beynəlxalq Əmək Təşkilatının, Dünya Bankının və digər beynəlxalq təşkilatların, 15 Avropa, MDB və Baltikyanı dövlətin sığorta-pensiya qurumlarının, Azərbaycan Respublikasının dövlət orqanlarının rəhbər və səlahiyyətli şəxsləri, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlər iştirak ediblər.
Seminarın əsas məqsədi sosial müdafiə sahəsində elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi ilə bağlı yaranan problemlərin və elektron hökumətin müxtəlif inkişaf ssenarilərinin müzakirə olunması, sığorta-pensiya qurumlarının elektron xidmətlər sahəsində ən son təcrübə və texniki imkanlarının təqdim edilməsi, İKT-nin tətbiqi və elektron hökumət sahəsində ölkəmizdə əldə olunan nailiyyətlərlə tanışlıq olub.
Seminarın sonunda iştirakçılar elektron xidmətlərlə yanaşı mobil xidmətlərin tətbiqinin genişləndirilməsini, bütün bunlardan irəli gələn təhlükəsizlik və digər məsələlərin müxtəlif ölkələri təmsil edən sığorta-pensiya qurumlarının əldə etdiyi texniki inkişafını və BSTA-nın təlimatlarındakı tövsiyələrini dərindən təhlil edərək, bu sahədə görülən işləri müzakirə etdilər.