MƏDƏNİYYƏT
Bakıda böyük rəssamın ad günü qeyd edilib
Bakı, 27 noyabr, AZƏRTAC
Noyabrın 27-də Tahir Salahovun ev muzeyində böyük rəssamın ad gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Xalq Artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) başçısı Azərpaşa Nemətov Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfə vermiş, yaradıcılığı bütün dünyada yüksək qiymətləndirilən Azərbaycanın Xalq Rəssamı Tahir Salahovun həyat və fəaliyyətindən söz açıb. T.Salahovun gözəl və xeyirxah insan olduğunu vurğulayan A.Nemətov onunla bağlı maraqlı əhvalatlardan söz açıb. O diqqətə çatdırıb ki, Azərbaycan teatrı qarşısında xidmətlərinə görə rəssama ATXİ-nin təsis etdiyi “Sənətkar” medalı təqdim edilir.
Sonra Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev bildirib ki, dövlətimiz dünyanın ən istedadlı rəssamlarından biri olan Tahir Salahovun yaradıcılığını həmişə yüksək qiymətləndirib. F.Salayev vurğulayıb ki, rəssamın dəst-xətti və parlaq əsərləri milyonlarla insanın qəlbini fəth edib.
Tədbirdə mədəniyyət və incəsənət xadimləri, T.Salahov yaradıcılığının pərəstişkarları və KİV nümayəndələri iştirak ediblər.