CƏMİYYƏT
Bakıda dəm qazı təhlükəsi ilə əlaqədar elmi-praktik seminar keçirilib
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzində nazirliyin aidiyyəti qurumlarının, paytaxt rayonları icra hakimiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin, Kliniki Tibbi Mərkəzin nümayəndələrinin iştirakı ilə “Dəm qazı: məğlubedilməz rəqib, yoxsa...” mövzusunda elmi-praktik seminar keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin rəis müavini, polkovnik-leytanant Elnur Qasımov dəm qazından zəhərlənmələrin qarşısının alınması istiqamətində birgə maarifləndirmə və profilaktik tədbirlərin aparılmasına baxmayaraq, hələ də dəm qazından zəhərlənmə hallarının baş verdiyini vurğulayıb.
Mərkəzin operativ reaksiyavermə və əməliyyat-planlaşdırma idarəsinin rəisi, polkovnik Vaqif Teymurov “Dəm qazı: məğlubedilməz rəqib, yoxsa...” mövzusunda təqdimatla çıxış edib. O, dəm qazı ilə zəhərlənmələrin Bakı şəhəri üzrə statistikası və profilaktikası barədə məlumat verib.
Sonra dəm qazı ilə bağlı videoçarx nümayiş etdirilib.
Paytaxt rayonlarının icra hakimiyyətlərinin nümayəndələri (Mərkəzdə yaradılmış əlaqələndirmə komissiyasının üzvləri) arayış-məruzə ilə çıxış edib, rayonların ərazisində dəm qazı ilə bağlı aparılan profilaktik tədbirlərdən və mövcud problemlərdən danışıblar.
“Azəriqaz” İstehsalat Birliyinin və Kliniki Tibbi Mərkəzin nümayəndələrinin müvafiq olaraq “Dəm qazı, onun məişətdə yaratdığı problemlər və mövcud problemlərin həlli istiqamətində görülən işlər” və “Bakı şəhəri ərazisində dəm qazının yaratdığı fəsadlar, dəm qazı ilə zəhərlənmə zamanı ilk tibbi yardım” mövzularında çıxışları dinlənilib.
Sonra məruzələr ətrafında interaktiv müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.