ELM VƏ TƏHSİL
Bakıda gənc türkoloqların beynəlxalq elmi konfransı keçirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətinin, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun, Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə noyabrın 21-də “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfransı öz işinə başlayıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfransın plenar iclasında Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 90 il öncə keçirilmiş qurultayın XX yüzillikdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşdüyünü söyləyib.
Qeyd olunub ki, məhz həmin mötəbər məclisdə keçmiş sovetlər birliyi məkanında yaşayan türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası və mədəniyyəti ilə bağlı yaxın gələcək üçün düşünülmüş bir sıra mühüm və əhəmiyyətli qərarlar qəbul edilib, latın qrafikalı əlifbaya keçidin elmi-metodik prinsipləri ətraflı işlənib hazırlanıb.
Qurultayın keçmiş SSRİ məkanında türkologiyanın inkişafına böyük təkan verdiyini söyləyən G.Baxşəliyeva 1958-ci ildə yaradılmış Şərqşünaslıq İnstitutunda bu sahədə əldə edilən uğurlardan danışıb. İnstitutun türkologiya sahəsində SSRİ-də ən qabaqcıl yerlərdən birini tutduğunu qeyd edən G.Baxşəliyeva Türkiyə ədəbiyyatı üzrə dissertasiya müdafiələrinin bu elm müəssisəsində keçirildiyini vurğulayıb. İnstitutda türkologiya sahəsində çap olunmuş kitablardan söz açan alim böyük türk dastanı “Saltuknamə”nin dilimizə tərcüməsini, Haldun Tanerin, Mehmet Akif Ərsoyun və digər görkəmli türk ədiblərinin yaradıcılığına aid monoqrafiyaları, Osmanlı tarixinə aid əsərləri, Gəncə, Qarabağ, Naxçıvan, İrəvan, Lori, Ərdəbilə aid Osmanlı vergi dəftərlərini xüsusi vurğulayıb.
AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın və 90 il sonra bu əlamətdar hadisəyə həsr olunan tədbirlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında reallaşdırılan tədbirlər barədə danışan İ.Həbibbəyli ölkəmizdən xaricdə, o cümlədən Türkiyədə, Tatarıstanda, Qazaxıstanda, Macarıstanda təşkil edilən tədbirləri xüsusi vurğulayıb və hazırda dünya miqyasında türkologiyada yeni oyanış dövrü olduğunu söyləyib.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Nərgiz Axundova Birinci Türkoloji Qurultayın önəmindən danışıb, o dövrdəki görkəmli alimlərin səylərinin hədər getmədiyini, bugünkü Azərbaycan türkologiyasında da onun nəticələrinin göründüyünü qeyd edib. Azərbaycan türkologiyasının dünya səviyyəsinə çatdığını deyən N.Axundova gənc türkoloqlara hazırkı konfransda, eləcə də gələcək tədqiqatlarında uğurlar arzulayıb.
Şərqşünaslıq İnstitutu direktorunun müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev türkologiyanın türk xalqlarının bütün milli-mənəvi, mədəni, intellektual inkişafını əhatə edən kompleks bir elm olduğunu deyib, mənəvi varlığımızın qorunmasında gənc türkoloqların da böyük töhfə verəcəklərinə əminliyini bildirib.
Özbəkistan Turan Elmlər Akademiyasının həqiqi üzvü, Səmərqənd Universitetinin professoru Səxavət Ociyev, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Famin Salmanov Birinci Türkoloji Qurultayın əhəmiyyətindən danışıb, konfrans iştirakçılarına uğurlar arzulayıblar.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. İclaslarda “Türk dillərinin tarixi”, “Türk xalqlarının ədəbiyyatı”, “Türk xalqlarının tarixi və mənbəşünaslığı, türk xalqlarının arxeologiya və etnoqrafiyası”, “Türk xalqlarının iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri” mövzuları müzakirə olunub.
Konfrans noyabrın 22-də başa çatacaq.