CƏMİYYƏT
Bakıda insan alverinə qarşı mübarizə ilə bağlı təlim keçirilir
Bakı, 6 iyun, AZƏRTAC
İyunun 6-da Bakıda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə “İnsan alveri qurbanlarına xidmət edən sığınacaqlar və yardım mərkəzləri üçün idarəetmə” mövzusunda ikigünlük təlim başlayıb. Təlim insan alveri qurbanları ilə sığınacaq və yardım mərkəzləri şəraitində 15 ildən artıq iş təcrübəsi olan ukraynalı ekspert Elvira Mruçkovska tərəfindən aparılır.
Təlim Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz tərəfindən “İnsan alveri və mütəşəkkil cinayətə qarşı mübarizə” layihəsi (ikinci mərhələ) çərçivəsində hazırlanan insan alveri qurbanlarına xidmət edən sığınacaqlar və yardım mərkəzləri üçün idarəetmə üzrə vəsaitə əsasən keçirilir. Vəsait insan resurslarının idarə olunması, təhlükəsizlik tələbləri, göstərilən xidmət və istiqamətləndirmə, keyslərin idarə olunması və reinteqrasiya da daxil olmaqla sığınacaqların idarə edilməsinin müxtəlif aspektlərini əhatə edir.
Təlimdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, onun nəzdində olan insan alveri qurbanları üçün müvəqqəti yaşayış sığınacağının, qeyri-hökumət təşkilatlarının, yardım mərkəzlərinin əməkdaşları, həmçinin müəllim və tələbələr iştirak edirlər.
“İnsan alveri və mütəşəkkil cinayətə qarşı mübarizə” layihəsi mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində müsbət töhfəsini verməyə çalışır, Azərbaycan, Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Moldova və Pakistanda insan alverinə qarşı mübarizə aparan qurumları insan alveri cinayəti ilə daha uğurlu mübarizə aparmaq üçün zəruri bacarıq və biliklə təmin etmək yolu ilə dəstəkləyir.