CƏMİYYƏT
Bakıda intellektual oyunlar üzrə beynəlxalq turnir başlayıb
Bakı, 28 may, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə mayın 28-də “Znatokiada-2016” intellektual oyunlar üzrə beynəlxalq turnir başlayıb. Turnir gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların xarici yaşıdları ilə əlaqələrinin möhkəmləndirilməsi məqsədi daşıyır.
AZƏRTAC xəbər verir ki, mayın 28-də “Fairmont Baku” otelində turnirin açılışı olub.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva çıxış edərək beynəlxalq əhəmiyyətli belə layihələrin Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, Bakıda keçirilən intellektual oyunlar üzrə mötəbər turnirdə 12 ölkədən 70 komanda iştirak edir. Yarışın 28 May - Respublika Günündə keçirilməsi rəmzi məna daşıyır. Çünki ölkəmizdə gənclərin bilik və peşəkarlığın artırılması istiqamətində mühüm işlər görülür. İntellektual oyunların iştirakçıları tədbirin təşkilini yüksək qiymətləndirirlər.
Məlumat verilib ki, hər ölkədən ən güclü intellektualların iştirak etdiyi turnirdə komandalar öz qüvvələrini 4 əsas intellektual yarışma növündə - “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq”, “Fərdi oyun”, “Xəmsə” milli intellektual oyunu və digər intellektual yarışmalarda sınayacaqlar. Turnir çərçivəsində intellektual oyunlar arasında ölkəmizin ilk milli brendi olan “Xəmsə” milli intellektual oyununun təbliğinə xüsusi diqqət yetiriləcək.
“Ölkəmizdə hər il keçirilən beynəlxalq intellektual oyunlar dövlət tərəfindən dəstəklənir. Gənclər və İdman Nazirliyi belə tədbirlərin keçirilməsinin təşəbbüskarıdır. Sevindirici haldır ki, intellektual oyunlar özəl qurumlar tərəfindən də dəstəklənməyə başlayıb. Bu isə intellektualların inkişafına həm dövlətin, həm özəl sektorun diqqətinin artdığının bariz nümunəsidir”, - deyə İndira Hacıyeva vurğulayıb.
Hər il fərqli ölkədə keçirilən turnir bu günədək İsrail, Rusiya Federasiyası, Ukrayna, Moldova, Latviyada təşkil olunub.
Turnirdə Azərbaycanla yanaşı, Almaniya, Gürcüstan, Qazaxıstan, Latviya, Litva, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan və Ukrayna komandaları iştirak edirlər.
Turnirin qalibləri mayın 30-da müəyyənləşəcək və həmin gün yarışın bağlanış mərasimi olacaq.