İDMAN
Rumıniya, Mərakeş, Fransa və Almaniya boksçuları Bakıda keçirilən APB turnirinə qələbə ilə başlayıblar
Oktyabrın 24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində Beynəlxalq Boks Federasiyasının APB (“AİBA Pro Boxing”) turniri çərçivəsində 91 kiloqramdan yuxarı çəki dərəcəsi üzrə yarışın ilk mərhələsinin qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, döyüşlərdən əvvəl konsert proqramı təqdim olunub.
Rinqə əvvəlcə almaniyalı Ali Kıydın və rumıniyalı Mihay Nistor çıxıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rumıniyalı idmançı rəqibini məğlub edib.
İkinci görüş Sergey Verveyko (Ukrayna) və Mohammed Arjaoui (Mərakeş) arasında keçirilib. Əzmkarlıq nümayiş etdirən Mohammed Arjaoui APB turnirində ilk qələbəsini qazanıb.
Digər döyüşdə Rusiya boksçusu Maqomed Omarov fransalı Toni Viktor James Yoka ilə üz-üzə gəlib. Bu görüş fransalı boksçusunun qələbəsi ilə yekunlaşıb.
Günün sonuncu qarşılaşması isə Misir təmsilçisi Ahmed Samir və almaniyalı Erik Pfeifer arasında keçirilib. Altı raund ərzində üstünlük nümayiş etdirən almaniyalı boksçu sonda qələbəsini rəsmiləşdirib.