CƏMİYYƏT
Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir
Bakı, 2 may, AZƏRTAC
Mayın 2-də Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, yarmarkalara rayonlardan 600 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları gətirilib. Qiymətlər bazarlardakından 25-30 faiz ucuzdur. Belə ki, qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 – 5,5 manata, quş əti 2,5 – 2,8 manata, kartof 65 - 90 qəpiyə, yumurta 6 - 7 qəpiyə və s. təklif olunur. Məhsulların keyfiyyəti ciddi yoxlanılır.
Qeyd edək ki, yarmarkalar Xətai rayonunda “Ukrayna dairəsi”nin və Bakı kinoteatrının yanı, Nəsimi rayonunda S.Vurğun küçəsi 73, “Təzə Bazar”ın ərazisi, Yasamal rayonunda Akim Abbasov küçəsi, Nərimanov rayonunda metronun “Gənclik” stansiyasının yanı, Səbail rayonunda Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, məktəbin arxası, Suraxanı rayonunda Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev 2, “Vətən Şəhidləri Unudulmur” abidələr kompleksinin və hərbi hissənin yanı, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi 12, Binəqədi rayonunda Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığında təşkil olunur.