CƏMİYYƏT
Bakıda qarabagheqiqetleri.com saytının təqdimatı olub
Bakı, 1 iyul, AZƏRTAC
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində qarabagheqiqetleri.com saytının təqdimatı olub.
Sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyət” layihəsi çərçivəsində yaradılıb.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təqdimat mərasimində layihənin məqsəd və məramı haqqında məlumat verilib. İctimai Birliyin sədri, layihənin rəhbəri Vahid Abbasov çıxışında bildirib ki, erməni işğalçıları tərəfindən işğal olunmuş torpaqların, beynəlxalq qanunlara zidd olaraq ermənilər tərəfindən şəhər və kəndlərin, yaşayış məskənlərinin adları dəyişdirilərək erməniləşdirilir. İşğalçı dövlətin təbliğat maşını tərəfindən dünyanın aparıcı mətbuat orqanlarında, məşhur axtarış sistemlərində, vikipediyada Azərbaycan torpaqlarının “qədim Ermənistan” ərazilərinə aid olduğu barədə yalan məlumatlar yerləşdirilərək geniş təbliğ olunur.
V.Abbasov qeyd edib ki, separatçıların Dağlıq Qarabağ və digər işğal edilmiş torpaqlarımızdakı şəhər və kənd adlarının dəyişdirilməsinə mane olmaq və əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün qarabagheqiqetleri.com saytı yaradılıb. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, yaxın və uzaq tariximiz haqqında kitablar, sənədlər və materiallar Azərbaycan dilindən ingilis və rus dillərinə tərcümə edilərək yerləşdiriləcək, elektron infоrmаsiyа bаnkı yаrаdılaraq dünya ictimaiyyəti məlumatlandırılacaq.
Digər çıxış edənlər də yeni yaradılan qarabagheqiqetleri.com saytı haqqında öz fikir və tövsiyələrini bildiriblər.