CƏMİYYƏT
Bakıda uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının ümumi yığıncağı keçirilib
Oktyabrın 31-də “Park İnn” mehmanxanasında uşaq hüquqları üzrə Azərbaycan QHT Alyansının ümumi yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən elan olunmuş “Uşaq Aylığı” çərçivəsində keçirilib.
İclasda Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov çıxış edərək bildirdi ki, uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial şəraitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
Bildirildi ki, Azərbaycanda uşaq problemlərinə cəmiyyətin və aidiyyəti dövlət qurumlarının diqqətinin cəlb edilməsi, onların həllinə dövlət, qeyri-hökumət və biznes qurumlarının, habelə fərdi şəxslərin səylərinin səfərbər olunması xüsusi əhəmiyyət kəsb edir.
Xaricdən dəvət olunmuş qonaq, Rumıniya QHT Koalisiyasının prezidenti İonut Jugureanu çıxış edərək diqqətə çatdırdı ki, 2003-cü ildən fəaliyyət göstərən, özündə 85 milli QHT-ni birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının bir çox dövlət və qeyri-hökumət təşkilatları, biznes qurumları və fərdlərdə əməkdaşlıqda və onların dəstəyi ilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi və təbliği sahəsində çoxsaylı beynəlxalq layihə və proqramlar həyata keçirir.
İclasda qeyd olunub ki, əhalinin sosial müdafiəsi zəif olan təbəqələrinin problemlərinin həllinə töhfə vermək, cəmiyyətin diqqətini həmin problemlərə cəlb etmək, habelə onların həllinə QHT-hökumət əməkdaşlığının gücləndirilməsi məsələlərini müzakirə etmək üçün Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən iki illik ictimai vəkillik proqramı hazırlanıb. Bu proqram çərçivəsində keçirilmiş iclasın məqsədi QHT-lərin son iki ildəki fəaliyyətinin müzakirəsi, QHT Alyansının gələcək strateji inkişaf hədəflərinin formalaşdırılması olub.
İnsan Hüquqları üzrə Müvəkkilin Aparatının nümayəndələri, UNICEF, QHT Alyansına üzv olan qeyri-hökumət təşkilatlarından nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin sonunda qurumun İdarə heyətinin yeni sədri seçilib.