CƏMİYYƏT
Bakıda yaşıllıq sahəsində yanğın baş verib
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da saat 12 radələrində Badamdar yaylasında, yüksək maili ərazidə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən ötən il salınmış yaşıllıq sahəsində yanğın hadisəsi baş verib. Əsən külək nəticəsində yanğın qısa müddət ərzində yayılaraq bir hektar ərazini əhatə edib.
Əraziyə dərhal nazirliyin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın qısa müddət ərzində tam lokallaşdırılaraq söndürülüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ilkin ehtimala görə, yanğının baş verməsinə səbəb yoldan keçən avtomobillərdəki ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş siqaret kötüyünün yerə atılması olub. Təəssüf ki, yanğın zamanı bir hektar ərazidə 24 Eldar şamı, 19 ayland, 9 akasiya, 5 oleandr, ümumilikdə, 57 ağac yanaraq məhv olub, 288 ağaca isə ziyan dəyib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi təəssüflə bildirir ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində əziyyətlə yetişdirilmiş ağaclar məhv olub, yaşıllıq sahəsinin bir hissəsi yanıb. Əfsus ki, bir tərəfdən ağacların kəsilməsi zamanı etiraz səsini qaldıran vətəndaşın özü, digər tərəfdən etinasızlıq göstərərək yanan siqaret kötüyünü yerə atır və yaşıllığın yanaraq məhvinə səbəb olur. Nazirlik bu cür məsuliyyətsizliyi qınayır və vətəndaşları belə halların baş verməməsi üçün diqqətli olmağa çağırır.
ETSN əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq bərpa tədbirlərinə başlanılıb. Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa və xalqımızın milli sərvəti olan meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır.