CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

A+ A

Bakı, 2 sentyabr, AZƏRTAC

Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin müxtəlif bölgələrində yağıntılı hava müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sentyabrın 2-də gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq yağmurlu hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə belə hava şəraitində sürücülərin ara məsafəsinə və sürət həddinə diqqət etmələri tövsiyə olunur. Diqqətə çatdırılır ki, yay aylarında asfalt üzərinə yığılan toz qatı yağıntı zamanı palçığa çevrilir ki, bu da yollarda sürüşkənliyi artırır. Belə olan halda avtomobillərin sürücüləri hərəkət zamanı əyləcdən istifadə etdikdə adi vaxtlara nisbətdə böyük fərq yaranır. Normal havadakı əyləc məsafəsi ilə yağıntılı havadakı əyləc məsafəsi arasındakı fərq 50 faiz artır. Məsələn, sürücü avtomobili saatda 60 kilometr sürətlə idarə edirsə adi vaxtda əyləc məsafəsi 30 metrdən çox olur. Yağıntılı havada isə bu məsafə 45 metrdən artıq ola bilər.

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin texniki cəhətdən saz vəziyyətdə olmasına diqqət yetirilməsini vacib sayır. Nəqliyyat vasitəsinin təkərləri, şüşəsilənlər, duman faraları, işıq cihazları saz vəziyyətdə olmalıdır. Nasazlıq olan avtomobillə yola çıxmaq təhlükəlidir.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda və Abşeron yarımadasında, respublikanın digər bölgələrində, xüsusən də dağlıq və dağətəyi ərazilərdə avtomobillə yola çıxan sürücülərdən yollarda son dərəcə diqqətli olmağı xahiş edir. Ara məsafəsi saxlamaq, sürət həddini aşmamaq, ötmə-manevr qaydalarına əməl etmək sürücülərin mənzil başına sağ-salamat çatması üçün olduqca önəmlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.