CƏMİYYƏT


Baş Prokurorluğun əməkdaşları Astanada beynəlxalq tədbirdə iştirak ediblər

Bakı, 6 dekabr, AZƏRTAC

Noyabrın 28-30-da Qazaxıstanın paytaxtı Astana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə “İnternetdən terrorçuluq məqsədləri üçün istifadə edilməsinin qarşısının alınması və mübarizə sahəsində təcrübə mübadiləsi” mövzusunda konfrans keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ABŞ, Rusiya, Qazaxıstan, Niderland, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsinin rəis müavini Anar Məmmədov və Baş Prokurorluğun idarə prokuroru Alim Cəbrayılov təmsil ediblər.

Konfransın keçirilməsində məqsəd transmilli cinayətlərin istintaqı zamanı mərkəzi orqanlar arasında beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi olub.

Tədbir çərçivəsində terrorçuluq məqsədilə internetdən istifadə edilməsi ilə bağlı cinayət işləri, həmin cinayətlərin istintaqı zamanı əməliyyat məlumatlarının və sübutların toplanılması, xarici ölkələrdən elektron sübutların alınması və internetdən terrorçuluq məqsədilə istifadə edilməsinin qarşısının alınması mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti tərəfindən qarşılıqlı hüquqi yardım haqqında vəsatətlərin icrası zamanı xarici dövlətlərdən alınan və digər ölkələrə göndərilən sübutlar, eyni zamanda, müzakirə edilən digər məsələlər ətrafında geniş məlumat verilib.

Tədbir çərçivəsində maraq doğuran suallar müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.