CƏMİYYƏT
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
Bakı, 26 may, AZƏRTAC
Prokurorluq orqanlarında informasiya və kommunikasiya texnologiyalarının səmərəli və geniş istifadə olunmasına istiqamətlənmiş ardıcıl tədbirlərin davamı olaraq, Baş Prokurorluğun informasiya-kommunikasiya texnologiyaları idarəsinə həmin sahədə zəruri ixtisas və təcrübəyə malik mütəxəssislərin işə qəbulu ilə əlaqədar bu il aprelin 18-də elan edilmiş müsabiqəyə yekun vurulub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak üçün müraciət etmiş 40-dan çox şəxsdən zəruri tələblərə cavab verən mühəndis-proqramçı və veb-dizayner ixtisaslarına malik 30 namizəd müsabiqəyə buraxılıb.
Namizədlərin nəzəri biliyi və peşə bacarığı səviyyələrinin yoxlanılması məqsədilə Baş Prokurorluğun və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələrindən ibarət yaradılmış komissiya tərəfindən mayın 24-də Baş Prokurorluqda müsahibə keçirilib.
Müsahibənin nəticələrinə əsasən 12 namizədin işə qəbul olunması məsələsinə baxılması tövsiyə edilib.