SİYASƏT


Baş nazir Nəvaz Şərif: Azərbaycan-Pakistan münasibətləri ən yüksək səviyyədədir

A+ A

İslamabad, 7 oktyabr, AZƏRTAC 

Pakistanın Baş naziri Nəvaz Şərif Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşüb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Baş nazir Nəvaz Şərifə çatdırıb. O, dövlətimizin başçısının Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib.

Səfir ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birinin mövqeyini dəstəklədiklərini qeyd edərək bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan prezidentlərinin xüsusi rolunun olduğunu vurğulayıb. Diplomat Pakistanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanı bir dövlət kimi tanımamasının Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, İslam Əməkdaşlıq Təşkilatının Kəşmir üzrə Təmas Qrupunun üzvü kimi bu məsələnin BMT-nin Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasına tərəfdar olduğunu bildirib.

Səfir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələrin xalqlarımız arasında mövcud qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayaraq bu layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.

Nəvaz Şərif salamlarını və ehtiramını Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmağı xahiş edib, Azərbaycan dövlətinin başçısı ilə yaxın dostluq əlaqələrinin olduğunu vurğulayıb. O, Davos Forumunda və digər yüksək səviyyəli tədbirlərdə dövlətimizin başçısı ilə görüşlərini xatırlayıb. Baş nazir Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalqın qardaşlıq münasibətlərinin ən yüksək səviyyəyə çatdığını bildirib.

Pakistanın hər zaman Azərbaycanın yanında olduğunu bildirən Baş nazir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycana tam dəstəyin davam etdiriləcəyini vurğulayıb.

Nəvaz Şərif iki ölkə arasında möhkəm siyasi münasibətlərlə yanaşı, ticari-iqtisadi və digər sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın və imkanların olduğunu bildirib.

Pakistanın Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişafını dəstəklədiyini bildirən Nəvaz Şərif Əli Əlizadəyə səfir kimi fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Pakistan Baş nazirinin yaxın günlərdə Azərbaycana nəzərdə tutulan səfəri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.