CƏMİYYƏT
Baş prokuror Şəmkirdə vətəndaşları qəbul edib
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumlarının insanlara layiqli xidmət göstərməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılır. Vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, baş prokuror Zakir Qaralov iyulun 29-da Şəmkir Rayon Prokurorluğunun inzibati binasında Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbuldan əvvəl Zakir Qaralov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, şəhərin mərkəzində ucaldılmış abidəsini önünə gül dəstələri düzüblər.
Qəbulda Baş Prokurorluğun məsul əməkdaşları, habelə əlaqədar tabe prokurorları iştirak ediblər.
Zakir Qaralov bölgədə yaşayan 24 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb. Eyni zamanda, prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Yekunda tabe prokurorların iştirakı ilə müşavirə keçirilib. Müşavirədə vətəndaş-məmur münasibətlərinin Prezident İlham Əliyevin tələblərinə uyğun olaraq, sağlam zəmində qurulması, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin və kəsərliliyinin artırılması, habelə vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkili ilə bağlı konkret tapşırıqlar verilib.