REGİONLAR
Basketbol üzrə muxtar respublika çempionatına start verilib
Naxçıvan, 11 oktyabr, AZƏRTAC
Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində basketbol üzrə kişilər arasında Naxçıvan Muxtar Respublika çempionatının yüksək dəstə və birinci dəstəsinin oyunlarına start verilib.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının sədr müavini Ənvər Məmmədov yarışın qaydaları haqqında məlumat verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çempionatın birinci dəstəsinin ilk oyunu başlayıb. Oyunda “Sədərək” komandası “Naxçıvan” Universiteti komandasını qəbul edib. Gərgin keçən oyunda “Sədərək” komandası 28:23 hesabı ilə qalib olub.
Yüksək dəstənin ilk oyununda isə “Naxçıvan” komandası “Şərur” komandasını qəbul edib. Maraqlı keçən oyun 76:30 hesabı ilə “Naxçıvan” komandasının xeyrinə bitib.
Oktyabrın 15-də isə I turun ikinci oyunları keçiriləcək. Həmin gün birinci dəstədə “Şahbuz” komandası “Lokomotiv”i qəbul edəcək. Oktyabrın 16-da isə yüksək dəstədə “Ordubad” komandası “Babək” ilə qarşılaşacaq. Beləliklə, I tura yekun vurulacaq.
Qeyd edək ki, II turun oyunları oktyabrın 22-23-də olacaq. Həmin turda “Kəngərli” “Sədərək” komandasını qəbul edəcək. Yüksək dəstədə isə “Culfa” komandası “Şərur” ilə qarşılaşacaq.