ELM VƏ TƏHSİL
Bayrağımız milli ideologiyamızın ifadəsidir
Bakı, 10 noyabr, AZƏRTAC
Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Dövlət Bayrağı Günü qeyd edilib.
BXA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev bayrağımızın Azərbaycan xalqının tarixi keçmişi, dövlətçilik ideyalarının formalaşması və milli özünüdərk prosesindəki rolundan danışıb. Qeyd edilib ki, hər bir millətin bayrağı onun milli kimliyinin, dilinin, mədəniyyətinin, dini-mənəvi əxlaqının, bir sözlə, onların ümumiliyi olan milli ideologiyasının ifadəsidir. Müasir Azərbaycan bayrağı hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət bayrağı kimi qəbul edilib və 1990-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada yenidən bərpa edilərək Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiqlənib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.
Vurğulanıb ki, bu gün Azərbaycan bayrağı dünyanın ən mötəbər təşkilatlarının qarşısında, ən mühüm beynəlxalq tədbirlərdə dalğalanır. Bu da son illər ərzində müxtəlif sahələrdə, o cümlədən, xarici siyasət, iqtisadiyyat, mədəniyyət, incəsənət, idman sahələrində əldə olunan nailiyyətlərin bariz nümunəsidir.
Sonra BXA-nın müəllimləri mövzu ətrafında məruzələrlə çıxış ediblər.
Tədbirin bədii hissəsində şagird və tələbələrin ifasında vətənpərvərlik mövzusunda şeir və milli rəqslər təqdim olunub.
Mərasimdə Rusiyanın Sankt-Peterburqdakı Vaqanova adına Rus Baleti Akademiyasının əməkdaşları iştirak ediblər.