CƏMİYYƏT
Bəhram Bağırzadə Etika Akademiyasında ustad dərsi keçib
Bakı, 14 may, AZƏRTAC
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində fəaliyyət göstərən “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzində silsilə ustad dərsləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, növbəti ustad dərsi Azərbaycanın Əməkdar Artisti, Şən və Hazırcavablar Klubunun üzvü, naşir, şoumen, Kinematoqrafiya və Karikaturistlər Birliyinin üzvü Bəhram Bağırzadə tərəfindən aparılıb. “Gülüşdə etika və estetika” adlı seminarda Etika Akademiyasının məşqçi heyəti interaktiv sual-cavab vasitəsilə müasir gənclərə intellektual gülüşü necə aşılamaqla bağlı müxtəlif suallar veriblər. Səmimiyyəti və hazırcavablığı ilə fərqlənən B.Bağırzadə təhsilə çox önəm verdiyini və əsas açar olaraq keyfiyyətli təhsili xüsusi vurğulayıb.
B.Bağırzadə etiket dərnəklərində zövqün cilalanması üçün rəssamlıq, iti ağıl və məntiq üçün şahmat, qədd-qamət üçün milli rəqslərlə məşğul olmağı, nitq mədəniyyətinin inkişafı üçün isə şifahi ədəbiyyatı tövsiyə edib. O, müasir gənclərə dəyərləri aşılmaqda yeniliklərin, internetin, yüksək texnologiyaların çox önəmli olduğunu vurğulayıb, gənc nəsli daha düzgün anlamaq üçün onlarla ünsiyyəti və qarşılıqlı fikirlərə hörmət etməyi tövsiyə edib. Həmçinin zövqün, intellektual yumorun, keyfiyyətli düşüncənin formalaşması üçün təhsilin gücünü və kütləvi informasiya vasitələrinin effektivliyini diqqətə çatdırılıb.