DÜNYA
Belaruslu turistlərə Zika virusu olan ölkələrə getməmək tövsiyə olunur
Minsk, 11 fevral, AZƏRTAC
Həkimlər belaruslu turistlərə Zika virusunun yayıldığı ölkələrə imkan daxilində getməməyi tövsiyə edirlər.
AZƏRTAC BELTA-ya istinadla xəbər verir ki, müvafiq tövsiyələr ölkənin Milli Turizm Agentliyinin saytında dərc edilib.
Məlumatda yazılıb: “Belarusun Səhiyyə Nazirliyi əhalinin, xüsusilə immuniteti zəif olan insanların və ya hamilə qadınların Zika virusunun yayılma ehtimalı olan ölkələrə imkan daxilində getməməsini məqsədyönlü hesab edir. Əgər səfəri təxirə salmaq mümkün deyilsə, onda yoluxmanın qarşısını almaq üçün profilaktik tədbirlərə riayət etmək lazımdır”.
Zika virusunun yayıldığı ölkələrdən qayıtdıqdan sonra özünü süst, əzgin, halsız hiss edənlər dərhal həkimə müraciət etməli və onu getdiyi ölkə barədə məlumatlandırmalıdır. Zika virusundan qorunmağın ən yaxşı yolu ağcaqanad dişləməsinə yol verməməkdir. Bu, ağcaqanadların yaydığı digər xəstəliklərdən də qoruya bilər. Repellentlərdən istifadə etmək, bədəni maksimum örtən geyimlərdə olmaq (açıq rəngə üstünlük vermək), mığmığa əleyhinə torlardan istifadə etmək, qapı və pəncərələri örtmək zəruridir. Həmçinin ağcaqanadların çoxalmasının qarşısını almaq üçün su yığılan yerləri təmiz və bağlı saxlamaq lazımdır.
Dünya Səhiyyə Təşkilatının və Avropa İnfeksiya Xəstəliklərinə Nəzarət və İnfeksion Xəstəliklərin Profilaktikası Mərkəzinin rəsmi məlumatına görə, 2015-ci ilin aprel ayından Braziliyada və Cənubi Amerikanın digər ölkələrində Zika virusu epidemiyası qeydə alınıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk