DÜNYA
“Belavia” aviaşirkəti “Boeing” korporasiyasının köməyi ilə rebrendinq keçirəcəkdir
“Belavia” aviasiya şirkəti rebrendinq keçirməyi qərara alıb. Bu barədə AZƏRTAC-a Belarusun bu böyük aviaşirkətinin mətbuat xidmətindən məlumat veriblər.
Cari ilin iyun ayında “Belavia” aviaşirkəti və dünyada məşhur olan “Boeing” korporasiyası istehsalçı zavoddan üç yeni “Boeing 737-800 Next-Generation” təyyarəsinin alınması barədə saziş imzalayıblar.
Aviaşirkətdə deyiblər: “Boeing” əlavə opsiya - “Belavia” şirkətinin rebrendinqinin keçirilməsinə kömək göstərməyi təklif edib. Bu unikal təklif Belarus aviaşirkətinin rəhbərliyində maraq doğurub: 2014-cü ilin iyun ayından aviaşirkətin mütəxəssisləri “Boeing” korporasiyasının əməkdaşları ilə birlikdə rebrendinqə hazırlıq işi aparırlar”.
Bundan başqa, mütəxəssislər qeyd ediblər ki, Belarus aviaşirkətinin rəhbərliyi və əməkdaşları internetdə Belarus dizayner İlya Andreyevin təklif etdiyi rebrendinq layihəsinə böyük maraq göstəriblər. “Belavia” korporasiyası “Boeing” şirkətinin mütəxəssislərini bu layihə ilə tanış edib. Nəticədə İ.Andreyevi aviaşirkətin işçi qrupunun “Boeing” mütəxəssisləri ilə noyabrın 19-20-də Minskdə keçiriləcək görüşündə iştirak etməyə dəvət etmək qərara alınıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk