REGİONLAR
“Belçika Krallığının Lommel şəhəri ilə İmişli rayonu arasında qardaşlaşmış şəhərlər layihəsi” ilə bağlı müzakirələr aparılıb
AZƏRTAC xəbər verir ki, yığıncaqda çıxış edənlər bu ilin iyun ayında İmişli rayonu ilə Belçika Krallığının Lommel şəhərinin qardaşlaşması barədə fikir mübadiləsi aparıldığını bildiriblər.
Qeyd olunub ki, ölkəmizdə gedən sürətli inkişaf İmişli rayonunda da öz əksini tapmaqdadır. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində son illər rayonun siması xeyli dəyişib, yeni parklar və yaşıllıqlar salınıb, əhalinin mənalı istirahəti üçün lazımi zəruri şərait yaradılıb.
Hazırda bu sahədə işlər davam etdirilir. Şəhərin mərkəzində geniş abadlıq-quruculuq işləri aparılıb, küçə və prospektlər yenidən qurulub, inzibati və ictimai yaşayış binaları müasir üslubda və milli arxitektura qaydalarına uyğun olaraq əsaslı təmir edilib.
Bildirilib ki, rayonda bir sıra sosial obyektlərdə, o cümlədən ümumtəhsil məktəblərində, uşaq bağçalarında, səhiyyə və mədəniyyət müəssisələrində təmir-tikinti işləri yerinə yetirilərək əhalinin istifadəsinə verilib.
Diqqətə çatdırılıb ki, son illər rayonun iqtisadiyyatında da əsaslı inkişafa nail olunub, bir sıra yeni emal və sənaye müəssisələri yaradılıb. Bütün bunların nəticəsində İmişli aqrar-sənaye rayonuna çevrilib.
Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində İmişli rayonuna xarici investorların da marağı artmağa başlayıb. Bu baxımdan Avropanın ən inkişaf etmiş ölkəsi olan Belçika Krallığının İmişliyə xüsusi diqqət göstərməsi təsadüfi deyil.
Belçika Krallığının Lommel şəhərinin rəhbərliyinin digər rayonları deyil, İmişlini seçərək qardaşlıq əlaqələrinin yaradılması barədə təşəbbüsün irəli sürülməsi məhz bu rayonda aparılan məqsədyönlü və uğurlu işlərin məntiqi nəticəsidir.
Şura iclasında Belçika krallığının Lommel şəhəri ilə İmişli rayonu arasında qarşılıqlı əlaqələrin qurulması, alternativ enerji mənbələrinin yaradılması, yeni texnologiyaların tətbiqi və Belçikanın GUADA pendir zavodunun İmişli filialının, habelə hər iki şəhərin futbol komandalarının yoldaşlıq görüşlərinin keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.