CƏMİYYƏT


Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı, 29 iyun, AZƏRTAC 

Bosniya və Herseqovinanın paytaxtı Belqradda “Faşizmsiz dünya uğrunda mübarizənin əsas metodları” mövzusunda beynəlxalq konfransı təşkil edilib. Tarixi, mədəni irsin qorunması və saxlanılması missiyasını başlıca fəaliyyət məqsədi sayan “Qələbənin varisləri” beynəlxalq birliyinin təşkil etdiyi konfrans İkinci Dünya müharibəsinin 75 illiyinə həsr olunub.

Respublika Veteranları Təşkilatından AZƏRTAC-a bildiriblər ki, 20-dən çox ölkədən yüksək vəzifəli nümayəndə heyətlərinin, o cümlədən iki ölkənin prezidentinin qatıldığı konfransda Azərbaycanı Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov təmsil edib.

Tədbirdə “Veteranların müdrikliyi - müharibə və faşizmə sipərdir” adlı məruzə ilə çıxış edən C.Xəlilov Azərbaycanın faşizmə qarşı mübarizədə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi xalqımızın şanlı tarixinin bir parçasıdır. Həmin müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük fədakarlıqlar, əvəzsiz xidmətlər göstərib. Azərbaycan neftinin qələbədəki payı xüsusilə böyük olub. Bu gün həmin Qələbənin canlı yaddaşı veteranlardır. Əbədi fəxrimiz olan veteranlar ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunublar.

C.Xəlilov qonaqların diqqətini Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün pozmasına, 25 ilə yaxın müddətdə BMT-nin qəbul etdiyi dörd qətnamənin bu ölkə tərəfindən bu günədək icra olunmamasına yönəldib. O, bu faktı faşizmin dirçəldilməsinin bariz nümunəsi kimi dəyərləndirib, tarix beşiyimiz olan Qarabağın hələ də işğal altında saxlanmasını və milli-mədəni sərvətlərimizin talan olunmasını böyük təəssüf hissi ilə diqqətə çatdırıb. Eyni zamanda, Ermənistanda nasizmə xidmət edənlərə son illərdə abidə ucaldılmasını ciddi tənqid edərək deyib: “Biz nasistlərlə əlbir olanların qəhrəmanlaşdırılmasının əleyhinə çıxmalıyıq. Artıq bir neçə ildir ki, müasir erməni faşistləri öz sələflərinin, İkinci Dünya müharibəsində alman faşizminə xidmət göstərmiş cəlladlar, erməni qisasçı legionlarına rəhbərlik etmiş Qaregin Njde və general Dronun genişmiqyaslı təbliğatı ilə məşğul olurlar. Ermənilər bədnam niyyətlərinin həyata keçirilməsində hər vasitəyə əl atır, hətta qonşu ölkələrin mətbuatının imkanlarından istifadə etməkdən belə çəkinmirlər. Vaxtılə Qarabağda və Zəngəzurda azərbaycanlılara qarşı qırğınlar törətmiş Njde kimi faşist başkəsənlərinin bəraətinə xidmət edən bu təbliğatda o dərəcədə ifrata varılır ki, cəlladlar qəhrəman səviyyəsinə yüksəldilir. Ermənilərin bəşəriyyətin məhvinə çalışan, milyonların cəlladları olanlara abidə ucaltmaları hiddətləndiricidir. İkinci Dünya müharibəsi tarixinə adları nasistlərlə birgə kütləvi qırğınların törədiciləri sırasına yazılmış bu qaniçənlər faşizmə xidmət etdikləri üçün qınaq obyekti olmalı, lənətlə xatırlanmalıdırlar”.

Respublika Veteranlar Təşkilatının sədr müavini Azərbaycanda heç zaman dini, irqi ayrı-seçkiliyə yol verilmədiyini, xalqımızın tolerantlığının dünya tərəfindən qəbul edilən reallıq olduğunu əminliklə bildirib. O, Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində qeyd olunan ənənələrin dövlət siyasəti səviyyəsinə qaldırılmasından və həyat tərzinə çevrilməsindən bəhs edərək konfrans iştirakçılarını bunun bariz nümunələri ilə tanış edib.

Azərbaycanda yaşayan bütün xalqların hüquq bərabərliyinin təmin edilməsi, müxtəlif dinlərə etiqad edən insanların etnik-mədəni və dini dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində görülən tədbirləri qeyd edən natiq müxtəlif sivilizasiyaların və mədəniyyətlərin nümayəndələrinin bir arada harmonik mövcudluğunun dünya üçün nümunə olduğunu vurğulayıb.

Konfransda digər ölkə nümayəndələrinin də çıxışları dinlənilib, faşizmsiz dünya uğrunda mübarizənin metodlarından bəhs olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.