CƏMİYYƏT
Belqradın polis rəisi Veselin Miliç: Bakıda ictimai asayiş yüksək səviyyədə qorunur
Bakı, 29 avqust, AZƏRTAC
Bakıya gəlməmişdən əvvəl paytaxtınız haqqında o qədər də məlumatlı deyildim. Ancaq Bakıya gəldikdən və bu şəhərlə tanış olduqdan sonra Azərbaycan paytaxtının qədim və zəngin tarixi olduğunu öyrəndim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən Avropa paytaxt polis rəislərinin 37-ci konfransının iştirakçısı, Belqrad Polis İdarəsinin rəisi Veselin Miliç jurnalistlərə müsahibəsində deyib.
Ölkəmiz və paytaxt Bakı haqqında təəssüratlarını bölüşən qonaq deyib: “Azərbaycan sürətlə inkişaf edir. Bakının gözəlliyi, qədim və müasir, çoxmərtəbəli binalar insanı valeh edir. Paytaxtınızı gəzdikdən sonra Bakının tamamilə təhlükəsiz şəhər olduğunu gördüm. Burada ictimai asayiş yüksək səviyyədə qorunur. İctimai asayişin yüksək səviyyədə qorunmasında polis əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirirəm”.
Bakının görməli yerləri ilə yanaşı, Daxili İşlər Nazirliyinin Polis Akademiyası ilə də tanış olduqlarını vurğulayan qonaq burada yaradılmış şəraitdən, təhsilin yüksək səviyyəsindən məmnunluğunu bildirib.