CƏMİYYƏT
ABAD-çı xanım: Öz işini mənimsədikdən sonra hər kəs onu brendə çevirməyi bacarmalıdır - MÜSAHİBƏ
Bakı, 3 aprel, Leyla Muradzadə, AZƏRTAC
Epoksid yaradıcılıq üçün ən qeyri-adi materiallardan biridir. Ondan rəsmlər, fincan və müxtəlif zinət əşyaları yaratmaq olur. Epoksid qətranı ən cəsarətli fikirləri təcəssüm etdirmək üçün bir vasitədir.
AZƏRTAC-ın budəfəki həmsöhbəti ABAD (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsin üzvü, epoksid qətranından müxtəlif əl işləri hazırlayan sənətkar Lalə Səmədovadır. Onun yaradıcılıq yolu yeddinci sinifdən başlayıb. İxtisası turizm sahəsi olsa da, Lalə xanım təsviri sənətlə məşğul olmağa qərar verib. Son iki ildə isə həmsöhbətimiz epoksid sənətini həyat tərzinə çevirib: “Əvvəlcə araşdırmağa başladım. Azərbaycanda bu sənətlə məşğul olan bir çox insan olduğunu öyrəndim. İşin nəzəri tərəfin mənimsədikdən sonra əsərləri hazırlamaq üçün materiallar aldım. İlk dəfə adi bir keks qəlibində hazırladım. Düşündüyümdən də daha yaxşı alındı. Birinci əl işim isə külqabı olub. Daha sonra öz əl işlərimlə müxtəlif yerli sərgilərə də qatılmağa başladım”.
Lalə Səmədova 2018-ci ildən ABAD-la əməkdaşlıq edir. O, ABAD-da epoksid sənəti ilə məşğul olan ilk usta olduğunu söyləyib. “Bu əməkdaşlıq mənə böyük imkanlar açdı. Çox sevinirəm ki, nəinki yerli alıcılar, həmçinin xarici turistlərin də marağını cəlb etməyi bacarmışam”, - deyə L.Səmədova vurğulayır.
Onun sözlərinə görə, alıcılar arasında ən çox breloklar populyardır: “Müştərilər üzərində hərif olan breloklara, həmçinin milli ornamentlərlə bəzədilmiş olan məhsullara üstünlük verirlər. Məsələn, xarici turistlərin “Qız Qalası”, “Xarıbülbül” simvolları əks olunan əl işləri diqqətlərini çəkir”.
Lalə xanım qeyd edib ki, bir məhsulun hazırlanması ölçüsündən asılı olaraq üç-yeddi günə başa gəlir. Şahmat minimum yeddi-on, domino, kül qabı isə üç gün ərzində hazırlanır. “Epoksid qətranın iki qatqısı var. Belə deyək, bir qatı maye, bir də su. Qatqılar qarışdırılandan sonra qəliblərə tökülür. Suvenirlərin dizaynını ya mən seçirəm, ya da müştərinin zövqünə əsaslanır. Qatqılar hazırlandıqdan sonra quruma prosesi başlayır. Məhsullar soyuq havalarda çox gec quruyur, lakin isti havalarda bu proses daha tez baş verir. Epoksid istini sevən, amma günəşi sevməyən bir maddədir. Əsərlər əsasən taxta üzərində hazırlanır”, - deyə o əlavə edib.
Epoksid qətranından hazırlanan qablar istifadə üçün zərərsizdir. “Epoksid qətranın bir neçə növü var. Məsələn, istiyə davamlı növü külqabı üçündür. Məhsullar xüsusi qulluq tələb etmir, olduqca möhkəmdirlər. Onu da qeyd etmək istəyirəm ki, məhsulları alışqanlı maddələrdən uzaq tutmaq lazımdır”, - deyə ABAD-çı xanım diqqətə çatdırıb.
Azərbaycanda suvenirlərin hazırlanması üçün materialların geniş çeşidi olmadığından Lalə xanım onları Türkiyədən sifariş edir: “Hər bir məhsulun öz maddəsi var. Brelok, kulon, təsbehlər üçün xüsusi universal maddələrdən istifadə olunur. Bu prosesdə ölçü və qatqıların nisbəti çox önəmlidir. Bəzilərin elə materialı var ki, o çox qatıdır, gərək onu, daha az miqdarda istifadə edəsən. Çünki çox olanda, qurumur və nəticə arzuolunan alınmır”.
Həmsöhbətimiz gələcəkdə bu sahəyə maraq göstərənlərə tövsiyə də verdi: “Bu işə sadəcə qazanc mənbəyi kimi baxsaq düşünürəm ki, sonda yaxşı nəticə alınmaz. Kimsə hansısa işi görmək istəyirsə, ona gəlir mənbəyi kimi yox, onu sevərək etsin. Öz işini mənimsədikdən sonra hər kəs onu brendə çevirməyi bacarmalıdır”.