CƏMİYYƏT


Bərdə rayonunun Hacallı kəndində baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də gecə saat 3 radələrində Bərdə rayonunun Hacallı kəndində yaşayan 1972-ci il təvəllüdlü Gülbəniz Əliyevanın, övladları - 19 yaşlı Məleykənin və 14 yaşlı Muradın ağır bədən xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına gətirilmələri, ananın aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi, həyat yoldaşı - 1968-ci il təvəllüdlü Saday Əliyevin isə yaşadığı evin həyətində özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Respublika Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

İlkin araşdırmalarla Saday Əliyevin psixi xəstəlikdən əziyyət çəkməsi, həmin tarixdə yaşadığı evdə yatmış vəziyyətdə olan arvadı və övladlarının baş nahiyələrinə iri dəmir çəkiclə vuraraq onlara qəsdən ağır bədən xəsarətləri yetirməsi və sonradan intihar etməsi müəyyən edilib.

Cinayətin aləti olan çəkic tapılaraq maddi sübut kimi götürülüb.

Hazırda işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.