CƏMİYYƏT
Bərdədə məktəb komandaları arasında “Breyn-rinq” üzrə rayon çempionatına yekun vurulub
Bakı, 15 noyabr, AZƏRTAC
Bərdədə 5 nömrəli tam orta məktəbdə YAP Bərdə rayon təşkilatının, Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 24-cü ildönümünə həsr olunmuş “Breyn-rinq” üzrə rayon çempionatı keçirilib. Çempionatda rayonun 12 məktəbinin (8 şəhər, 4 kənd) komandaları iştirak edib.
AZƏRTAC xəbər verir ki, tədbiri Bərdə Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Aydın Qasımov açaraq ölkəmizdə gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə göstərilən diqqət və qayğıdan danışıb, oyunun keçirilməsi qaydaları barədə məlumat verib.
YAP Bərdə rayon təşkilatının təlimatçısı Fuad Ağayev çıxış edərək Yeni Azərbaycan Partiyasının təsis edilməsindən və 24 illik fəaliyyətindən söz açıb.
Rayon Təhsil Şöbəsinin müdir müavini İsmayıl Adıgözəlov isə komandalara uğurlar arzulayıb.
Püşkatma nəticəsində komandalar hər birində 4 komanda olmaqla 3 yarımqrupda mübarizə aparıblar. Daha yüksək bilik səviyyəsi nümayiş etdirən N.Nərimanov adına şəhər 3 nömrəli tam orta məktəbin komandası birinci olub. 8 nömrəli tam orta məktəbin komandası yarışı ikinci, N.Gəncəvi adına şəhər 2 nömrəli tam orta məktəbin komandası isə üçüncü pillədə başa vurub.
Mükafatçılara təşkilatçılar tərəfindən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 24-cü ildönümünə həsr edilmiş təntənəli yığıncaqda diplom və xatirə hədiyyələri ilə təqdim olunub.