REGİONLAR
Bərdədə soğan yığımına başlanılıb
Bərdə, 22 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunda soğan istehsalı ilə məşğul olan fermerlər məhsul yığımına başlayıblar.
Bərdə rayon statistika idarəsindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin məhsulu üçün 970 hektar sahədə soğan əkilib. Soğan istehsalçıları müasir becərmə texnologiyalarından, daha məhsuldar toxumlardan istifadə etməklə yüksək məhsuldarlığa nail olublar.
On bir hektar sahədə soğan becərən Elman Qasımov bildirib ki, bir neçə gündür payızda əkilən soğanın yığımına başlanılıb. Məhsuldar toxumun səpilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi və damcı ilə suvarma üsulundan istifadə nəticəsində sahələrdə bol məhsul yetişib. Hər hektardan orta hesabla 60 ton soğan götürülür.
Payızda əkilən soğanın yığımı may-iyun aylarında davam edəcək. Yazda əkilən soğan isə avqust ayında yığılacaq.
Bərdə rayonunda ötən il 959 hektar sahədə soğan becərilib və 13 min 950 ton məhsul əldə edilib.