REGİONLAR
Bərdənin Xanqaraqoyunlu kəndində yenidən qurulan məktəb binası istifadəyə verilib VİDEO
Bərdə, 5 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Bərdə rayonunun Xanqaraqoyunlu kəndində əsaslı şəkildə yenidən qurulan 620 şagird yerlik tam orta məktəbin binası müəllim və şagirdlərin istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilib.
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Zahid Oruc, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov tədbirdə çıxış edərək, müəllim, şagird və valideynləri təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsil sahəsində əldə olunan uğurlardan danışıblar.
Məlumat verilib ki, 2011-ci ildən bəri Bərdə rayonunda 16 yeni məktəb və təhsil şöbəsinin inzibati binası tikilərək istifadəyə verilib. 11 məktəb binası əsaslı təmir edilib. Dövlət investisiya proqramı çərçivəsində tikilmiş məktəblərdən başqa “Yeniləşən Azərbaycana yeni məktəb” Proqramı çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə Xanağalı, Saatlı və Yeni Daşkənd kənd tam orta məktəbləri üçün yeni binalar tikilərək, müasir avadanlıqlarla təchiz olunub. Hazırda Bərdə şəhər 2, 5 və 6 nömrəli tam orta məktəblərin binalarında əsaslı təmir işləri davam etdirilir.
Bildirilib ki, Xanqaraqoyunlu kənd tam orta məktəbi 1936-cı ildən ibtidai məktəb olaraq fəaliyyətə başlayıb. 1975-ci ildən 480 yerlik tam orta məktəb kimi fəaliyyət göstərib.
Əsaslı təmir-bərpa işləri Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən həyata keçirilən məktəbdə 16 sinifdən ibarət əlavə korpus inşa edilib. 620 şagird yerlik olan məktəbdə müasir kimya, fizika laboratoriyaları, idman və akt zalları, iki kompüter otağı, fənn kabinələri, kitabxana yaradılıb. Binada videomüşahidə, siqnalizasiya, istilik və işıqlandırma sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Bütün sinif otaqları müasir zəruri avadanlıq və dərs ləvazimatları ilə təchiz edilib.
Açılış mərasimində çıxış edən müəllim və şagirdlər, eləcə də kənd sakinləri təhsilə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sonda mərasim iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.