İQTİSADİYYAT
“Berezovsk pendir kombinatı” ASC azərbaycanlı tərəfdaşlarla ticarət əlaqələrinin qurulmasına maraq göstərir
Bakı, 23 may, AZƏRTAC
“Berezovsk pendir kombinatı” ASC azərbaycanlı tərəfdaşlarla ticarət əlaqələrinin qurulmasına maraq göstərir.
Bu barədə AZƏRTAC-a “WorldFood Azerbaijan-2015” sərgisində iştirak edən Belarus Respublikası “Berezovsk pendir kombinatı” ASC-nin kommersiya məsələləri üzrə direktor müavini Yelena Şakalida məlumat verib.
O qeyd edib ki, “Berezovsk pendir kombinatı” ASC “WorldFood Azerbaijan-2015” sərgisində Belarus Respublikasının milli stendində təmsil olunur: “Biz bərk və əridilmiş pendir, yağ və quru süd məhsullarının istehsalçısı kimi, bu sərgidə böyük həvəslə iştirak edirik. Məqsədimiz öz dad, keyfiyyət və təbiiliyinə görə təkcə Belarusda deyil, həm də xaricdə məşhur olan və “Beryozka” ticarət nişanı altında istehsal edilən məhsulları azərbaycanlı istehlakçılara tanıtmaqdır. Mən əminəm ki, “WorldFood Azerbaijan” sərgisi keyfiyyətli Belarus məhsullarını azərbaycanlı istehlakçılara təqdim etmək üçün şirkətimizə əla imkan yaradacaq. Bundan başqa, kənd təsərrüfatı sərgiləri süd məhsullarının istehsalı sahəsində azərbaycanlı həmkarlarımızın təcrübəsini öyrənmək və ümumilikdə, Azərbaycanın süd məhsulları bazarı ilə tanış olmaq üçün gözəl şansdır”.