CƏMİYYƏT


Beynəlxalq Əmək Təşkilatı və BMT İnkişaf Proqramının birgə missiyasının Azərbaycana səfəri çərçivəsində görüş olub

Bakı, 18 oktyabr, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT-nin İnkişaf Proqramının (BMT İP) birgə missiyasının Azərbaycana səfəri başlayıb. Səfərdə məqsəd ölkəmizdə 2016-2030-cu illər üçün Milli Məşğulluq Strategiyasının hazırlanması işlərinin yekunlarının və özünüməşğulluq proqramının həyata keçirilməsi sahəsində görülən işlərin həmin təşkilatların ekspertləri ilə birgə müzakirə etməkdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 18-də nazirlikdə BƏT və BMT İP-nin birgə missiyası ilə görüş olub. Görüşdə BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə ofisinin direktor müavini Şurençumeq Zoxiolt, BƏT-in Gənclərin Məşğulluğu layihəsi üzrə baş texniki məsləhətçisi Mixail Puşkin, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İP-nin rezident nümayəndəsi Qulam İsakzai, BMT İP-nin rezident əlaqələndiricisinin müavini Alasendro Frakaseti, BMT İP-nin İstanbul regional ofisindən proqram üzrə məsləhətçi Şeyla Marnie iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək bazarında gənclərin rolunun artırılması yönündə tədbirləri, bu sahədə BƏT və BMT İP ilə birgə icra olunan layihələri, əmək bazarında tələb və təklifin uyğunlaşdırılması, işçi qüvvəsinin rəqabətqabiliyyətinin artırılması, inklüziv əmək bazarının təmin edilməsi, layiqli əməyin təminatı yönündə görülən işləri qeyd edib. S.Müslümov ölkəmizdə müsbət demoqrafik meyillər, o cümlədən əhalinin sabit artım tempi, milli inkişaf perspektivləri nəzərə alınmaqla, 20-dən çox aidiyyəti dövlət orqanının, sosial tərəfdaşların iştirakı ilə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2016-2030-cu illər)” layihəsinin hazırlandığını diqqətə çatdırıb, həmçinin Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamına uyğun olaraq, işaxtaran və işsiz vətəndaşlar üçün özünüməşğulluq proqramının icrası işlərindən bəhs edib. Bildirib ki, proqramda iştirak etmək üçün müraciət edən işsiz və işaxtaran şəxslərə təlimlərin keçirilməsi üçün təlimçilərin hazırlanması prosesi davam etdirilir. Bu gün daha bir qrup təlimçi təlim kursunu başa vuracaq və onlara sertifikatlar veriləcək. Bununla da artıq ölkənin əksər rayon və şəhərləri üçün 122 təlimçi hazırlanıb. Bu sahədə işlərdə BƏT-in müvafiq meyarları diqqətdə saxlanılır. Həmin proqram aktiv əmək bazarı siyasətinin xeyli güclənməsinə səbəb olmaqla, kiçik və orta sahibkarlığın dəstəklənməsində, kiçik ailə biznesinin inkişafında mühüm addımdır.

Nazir ölkəmiz üçün vacib olan bu proqramın icrasında və strategiya layihəsinin hazırlanmasında BƏT-in institusional dəstəyinin əhəmiyyətini qeyd edib və onu yüksək dəyərləndirib.

Q.İsakzai ƏƏSMN ilə BMT İP arasında yaxşı əməkdaşlıq təcrübəsinin olduğunu bildirib, əhalinin məşğulluq imkanlarının artırılması sahəsində aparılan birgə işlərin bu əməkdaşlığın müsbət məcrada davam etməsinin təzahürü olduğunu diqqətə çatdırıb.

Görüşdə Azərbaycanda sosial-iqtisadi tərəqqinin dayanıqlığının təmin edilməsi istiqamətində aparılan işlər, onların müsbət nəticələri qonaqlar tərəfindən yüksək dəyərləndirilib, aparılan islahatların əmək və məşğulluq sferasında inkişafa da şərait yaratmasının təqdirəlayiq olduğu vurğulanıb. Ölkənin yeni iqtisadi inkişaf mərhələsinə uyğun uzunmüddətli Məşğulluq Strategiyasına malik olması üçün görülən işlər, bu sənədin layihəsində milli əmək bazarında baş verən proseslər diqqətlə nəzərə alınmaqla önəmli prioritetlərin müəyyən edilməsinin, özünüməşğulluq proqramının icrası işlərinin BƏT tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib.

Daha sonra görüşdə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2016-2030-cu illər)” layihəsi, layihədə nəzərdə tutulan istiqamətlər və hədəflər, layihə çərçivəsində görülən işlərdə gələcək əməkdaşlıq məsələləri, özünüməşğulluq proqramının icrası ilə bağlı işlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.