CƏMİYYƏT


Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Noyabrın 10-11-də Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) üzv dövlətlərin və Tərəflərin Assambleyasının 5-ci illik sessiyası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Assambleyada Akademiyaya tərəf olan 70 dövlət və beynəlxalq təşkilatdan 250 nümayəndə iştirak edib.

Tədbirin açılışında IACA-nın İdarə Heyətinin sədri Eduardo Vetere, Akademiyanın dekanı və icraçı direktoru Martin Kreutner çıxış edərək bu təhsil ocağının inkişafı ilə bağlı görülən işlər, əldə olunan uğurlar və gələcək planlar barədə ətraflı məlumat veriblər.

Sessiyada çıxış edən nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən qanunvericilik və institusional islahatlar, əldə edilmiş nailiyyətlər, o cümlədən cinayət təqibi tədbirləri, habelə korrupsiyanın qarşısının alınması sahəsində ən unikal institusional təşəbbüslərdən biri kimi Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Azərbaycanın Akademiya ilə qarşılıqlı əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini vurğulayan nümayəndə heyətinin rəhbəri qurumun Assambleyasının üçüncü sessiyasının Bakıda keçirilməsinin, Azərbaycan Respublikası baş prokurorunun Assambleyanın sədri vəzifəsinə seçilməsinin, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüsal Hüseynovun hazırda bu təhsil ocağının İdarə Heyətinin üzvü olmasının, habelə ölkəmizin nümayəndələrinin Akademiyanın magistr kursları və yay məktəbi proqramlarından mütəmadi olaraq faydalanmasının qarşılıqlı əlaqələrin inkişafına ciddi təkan verdiyini qeyd edib.

Tədbirdə təşkilati məsələlər müzakirə edilib, qurumun rəhbər orqanlarına seçkilər həyata keçirilib.

İclasda Argentinanın Avstriyadakı səfiri Mariano Qrosso Beynəlxalq Antikorrupsiya Akademiyasının Tərəflərin Assambleyasının 5-ci sessiyasının sədri seçilib.

Azərbaycan Respublikası ilə Akademiya arasında qarşılıqlı münasibətlər, habelə ölkəmizin qurumun fəaliyyətinə verdiyi töhfələr nəzərə alınmaqla Azərbaycan nümayəndə heyətinin rəhbəri Assambleyanın 5-ci sessiyasının sədr müavini vəzifəsinə seçilib, habelə sessiyanın aparılması ona həvalə olunub.

Akademiyanın Assambleyasının növbəti - 6-cı illik sessiyasının 2017-ci ildə Misir Ərəb Respublikasında keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Akademiyanın rəhbərliyi, habelə bir sıra ölkələrin nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib və qarşılıqlı əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Akademiyanın rəhbər vəzifəli şəxsləri ilə görüşdə IACA-nın magistr kursu üzrə modullardan birinin növbəti sessiyasının Bakıda keçirilməsi müzakirə edilib.

Sessiya çərçivəsində Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirləri özündə əks etdirən jurnallar, bukletlər və statistik məlumatlar tədbir iştirakçılarına təqdim olunub.

Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.