CƏMİYYƏT
Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun və Hərbi Prokurorluğunun təşkilati, çoxlu sayda prokurorluq əməkdaşının isə fərdi üzvü olduğu, dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir.
Bu qurumla əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun dəvəti ilə ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçi direktoru xanım Yanne Holst Hübner və Böyük Britaniya Kral Prokurorluq Xidmətinin idarə rəisi Hari Len Balç aprelin 27-də Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Daha sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə qonaqları salamlayan Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin üzvü, baş prokurorun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər, müsbət iş təcrübəsi barədə ətraflı məlumat verib. K.Əliyev baş prokurorun təşəbbüsü ilə Assosiasiyanın Antikorrupsiya alt domeninin yaradılması və bununla bağlı görüləcək işlərin Böyük Britaniya Krallığı Prokurorluğu Xidməti və Braziliyanın Baş Prokurorluğu ilə birgə Baş İdarəyə həvalə edilməsinin beynəlxalq qurumlar tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizə verilən böyük önəmin təcəssümü olduğunu bildirib.
Xanım Y.Hübner quruma fərdi üzv qəbul edilmiş prokurorluq əməkdaşlarına Assosiasiyanın üzvlük vəsiqələrini təqdim edib. Təmsil olunduğu qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq ölkəmizin Assosiasiyanın fəaliyyətinə verdiyi mühüm töhfələri və görülən digər səmərəli işləri yüksək qiymətləndirib.
Sonra qonaqlar Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin milli memarlıq üslubunda və qabaqcıl standartlar səviyyəsində inşa edilmiş inzibati binasında normativ hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olublar.
Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.