CƏMİYYƏT


Beynəlxalq Yer Günü ilə əlaqədar tədbirlərə start verilib

Bakı, 21 aprel, AZƏRTAC

22 aprel Beynəlxalq Yer Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq hər il olduğu kimi bu il də müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.

ETSN-in mətbuat xidmətindən bildirilib ki, bu məqsədlə aprelin 19-da nazirliyin əməkdaşları Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivi ilə görüş keçirib.

Görüşdə ətraf mühitin mühafizəsi ilə bağlı nazirlik tərəfindən həyata keçirilən tədbirlər, o cümlədən ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində görülmüş işlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf və s. mövzularda auditoriyaya ətraflı məlumat verilib. Tədbir, həmçinin görkəmli akademik Həsən Əliyevin 110 illik yubileyi ərəfəsinə təsadüf etdiyindən görüşdə dünya şöhrətli alimin keçdiyi həyat yolundan, o cümlədən qələminin məhsulu olan çoxsaylı elmi əsərlərdə torpaqşünaslıq, ekologiya, biocoğrafiya, botanika, meşəçilik, meliorasiya, aqrokimya və s. elmlərin inkişafına verdiyi mühüm töhfələrindən, eləcə də onun müəllifi olduğu “Həyəcan təbili”, “Təbiətin keşiyində” kitablarının bu günümüz üçün də aktual olmasından söz açılıb.

Görüşün sonunda tələbələri maraqlandıran suallar nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqlara qulluq edilməsi, təmizlik, abadlıq missiyasını özündə əks etdirən “Yer günü” ərəfəsində həyata keçirilən tədbirlərdə ictimaiyyət nümayəndələrini fəal iştirak etməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.