CƏMİYYƏT
Beynəlxalq təlim kursunda Azərbaycanda tolerantlıq mühitindən bəhs olunub
Bakı, 28 avqust, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzinin (GTM) fəal üzvləri Bolqarıstanın Razloq şəhərində Avropa Komissiyasının “Erasmus +” proqramının maliyyə dəstəyi ilə keçirilən “Nifrət nitqinə yox” beynəlxalq təlim kursunda ölkəmizi təmsil ediblər.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin keçirilməsində məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək və bu prosesdə gənclərin fəal iştirakını təmin etmək, mövcud təcrübə mübadiləsi üçün əlverişli şərait yaratmaqdır.
Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədilə tədbirdə Macarıstan, Türkiyə, Makedoniya, Estoniya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna kimi ölkələrdən iştirakçılar dəvət olunub. Kurs Macarıstandan və Bolqarıstandan olan beynəlxalq təlimçilər tərəfindən aparılıb.
Beynəlxalq tədbirdə azərbaycanlı gənclər ölkəmizdəki tolerantlıq mühiti, Azərbaycanda mədəni, linqvistik, etnik rəngarəngliyin qorunması istiqamətində uğurla həyata keçirilən dövlət siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.