CƏMİYYƏT
“Beynəlxalq terrorizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda debatlar keçiriləcək
Bakı, 24 aprel, AZƏRTAC
İki mindən çox gənci əhatə edəcək “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi çərçivəsində “Beynəlxalq terrorizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” ilə bağlı mövzular müzakirə ediləcək.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (DVC) birgə təşkilatçılığı ilə keçirilən foruma Milli Debat Proqramı çərçivəsində start verilib.
AZƏRTAC xəbər verir ki, forum çərçivəsində respublikanın paytaxt və bölgələrində, o cümlədən məktəb, universitet və digər təhsil müəssisələrində debat təlimləri, ekspert görüşləri, debat turnirləri təşkil olunacaq.
Gənclər Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunan 2017-ci ildə “İslam həmrəyliyi” sahəsində ətraflı araşdırmalar aparacaq, debatlar təşkil olunacaq, ekspert görüşləri keçiriləcək. Layihə regionlarda yaşayan gənclərin sosial aktivliyinin artırılmasına xidmət edəcək, eyni zamanda, regionlararası gənclər mübadiləsi formatında həyata keçiriləcək.
Respublika Gənclər Debat Forumu 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır.