CƏMİYYƏT


Biləsuvar rayonunda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib

A+ A

Bakı, 25 noyabr, AZƏRTAC

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan vətəndaşlarının hərbi-vətənpərvərlik, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədilə silsilə tədbirlər keçirir.

AZƏRTAC xəbər verir ki, Xidmətin cari il üçün fəaliyyət planına əsasən, noyabrın 25-də Biləsuvar Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətindən və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində belə tədbirlərin əhəmiyyətindən danışıb.

Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov Biləsuvar gənclərinin yüksək vətənpərvərlikləri ilə daim fərqləndiklərini bildirib.

“Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıb.

Mərasimdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Biləsuvar rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş kompozisiya ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.