REGİONLAR
Biləsuvar və Salyanda prokurorluq işçiləri peşə bayramlarını qeyd ediblər
Biləsuvar-Salyan, 1 oktyabr, Mahir Babayev, AZƏRTAC
Biləsuvarda prokurorluq işçilərinin peşə bayramı qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayonun rəhbər işçilərinin, hüquq mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi toplantıda çıxış edən rayon prokuroru Qabil Əliyev bildirib ki, Azərbaycanın prokurorluq orqanları üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir.
“Biz hər zaman qanunçuluğun keşiyindəyik”, - deyən natiq, bundan sonra da ölkədə ictimai-siyasi asayişin qorunmasında əzmlə çalışacaqlarını diqqətə çatdırıb.
Toplantıda Azərbaycan Prezidentinin hərtərəfli qayğısı sayəsində prokurorluqda şəffaf sistemin yaradıldığı və maddi-texniki bazanın dünya standartları səviyyəsinə çatdırıldığı xüsusi vurğulanıb.
Sonda xidmətdə fərqlənən prokurorluq işçilərinin bir qrupuna fəxri fərmanlar verilib.
X X X
Oktyabrın 1-də Salyan Rayon İcra Hakimiyyətinin konfrans zalında prokurorluq işçilərinin peşə bayramı təntənə ilə qeyd olunub.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən rayon prokuroru, baş ədliyyə müşaviri Firdovsi Nemətli Azərbaycan prokurorluq orqanlarının yaranmasından bəhs edərək, müstəqillik dövründə bu orqanın fəaliyyətində ümummilli lider Heydər Əliyevin rolunu yüksək qiymətləndirib, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin prokurorluq orqanlarında aparılan hüquqi islahatlardan danışıb.
Diqqətə çatdırılıb ki, prokurorluqda hərtərəfli və bütün sahələri əhatə edən islahatlar aparılmaqla, zəruri normativ-hüquqi bazanın yaradılması, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin səmərəli təşkili, ixtisaslı kadrların formalaşdırılması, prokurorluq orqanlarının maddi-texniki təminatı və işçilərin sosial müdafiəsi məsələlərinin beynəlxalq standartlara uyğunlaşdırılması təmin edilib.
Tədbirin sonunda prokurorluq işçilərinin bir qrupuna fəxri fərmanlar təqdim olunub.