REGİONLAR
Biləsuvarın 26 yaşayış məntəqəsinin 25-də təbii qazdan istifadə olunur
Biləsuvar, 28 avqust, Mahir Babayev, AZƏRTAC
Biləsuvar rayonunun qazlaşdırılması başa çatmaq üzrədir.
AZƏRTAC xəbər verir ki, rayonun 26 yaşayış məntəqəsinin 25-də qazlaşdırma işləri yekunlaşıb, Arazbarı kəndində isə bu iş sürətlə davam etdirilir.
Bu barədə Muğan və Yuxarı Ağalı kəndlərinə mavi yanacağın verilməsi münasibətilə keçirilən mərasimdə məlumat verilib. Qeyd olunub ki, hər iki yaşayış məntəqəsi üzrə 11 kilometrə yaxın müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Muğan kəndində 71, Yuxarı Ağalıda isə 154 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Uzun illər mavi yanacaqdan istifadə edə bilməyən hər iki kəndin 1300-dən çox sakini təbii qaz verilməsini sevinclə qarşılayıb.
Mərasimdə çıxış edənlər bildiriblər ki, Arazbarı kəndinin sakinləri də tezliklə bu sıraya qoşulacaq və bununla da Biləsuvar respublikada 100 faiz qazlaşdırılan rayon olacaq. Kənd ağsaqqalları göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Sonda mərasim iştirakçıları evlərdə olub, mavi yanacağın verilməsinə baxış keçiriblər.