CƏMİYYƏT
Bilgəh Müharibə və Əmək Əlilləri Mərkəzində Beynəlxalq Ahıllar Günü qeyd edilib
Bakı, 1 oktyabr, AZƏRTAC
1 oktyabr - Beynəlxalq Ahıllar Günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Bilgəh Müharibə və Əmək Əlilləri Mərkəzində tədbir keçirilib.
BŞGİBİ-dən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Azərbaycanda ahıl və tənha vətəndaşların daim diqqət və qayğı ilə əhatə olunduqları, onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.
Tədbirdə əlamətdar gün münasibətilə ahıllar üçün süfrə açılıb, konsert proqramı təşkil edilib.
Sonda Mərkəzə bayram sovqatı və müxtəlif məişət əşyaları hədiyyə olunub.
Qeyd edək ki, 1993-cü ildən başlayaraq hər il oktyabrın 1-i respublikamızda Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu günün keçirilməsində məqsəd ahıl vətəndaşların sosial problemləri ilə tanış olmaq, onlara diqqət və qayğı göstərməkdir.